YUNSİTRAL ARBİTRAJ REQLAMENTİ

demo

dillərə aid edilir.
2. Arbitraj məhkəməsi iddia ərizəsinə və ya cavabdehin iddia üzrə etirazlarına əlavə edilmiş istənilən sənədlərin, eyni ilə, araşdırmanın gedişi zamanı təqdim edilmiş istənilən əlavə sənədlər və ya sübutların, tərəflərin razılığa gəldikləri və ya arbitraj məhkəməsinin müəyyən etdiyi dilə yaxud dillərə tərcümə edilməsi barədə sərəncam verə bilər.

İDDİA ƏRİZƏSİ

Maddə 18

1. Əgər iddia ərizəsi arbitraj haqqında bildirişə daxil edilməyibsə, arbitraj məhkəməsinin təyin etdiyi müddət ərzində iddiaçı cavabdehə və arbitrlərin hər birinə yazılı formada iddia ərizəsini göndərir. Əgər müqavilədə arbitraj qeyd-şərti və ya arbitraj sazişi göstərilməyibsə, iddia ərizəsinə arbitraj qeyd-şərtinin və ya arbitraj sazişinin surətləri əlavə edilməlidir.
2. İddia ərizəsində aşağıdakı məlumatlar göstərilməlidir:
a) tərəflərin adları və ünvanları;
b) iddia tələblərini təsliq edən halların ifadəsi;
c) mübahisəli məsələlər;
d) iddia tələblərinin məzmunu.
İddiaçı, öz iddia ərizəsinə işə aid hesab etdiyi bütün sənədləri əlavə edə və ya gələcəkdə təqdim edəcəyi sənədlərə, yaxud digər sübutlara istinad edə bilər.

İDDİA ÜZRƏ ETİRAZ

Maddə 19

1. Arbitraj məhkəməsinin müəyyən etdiyi müddət ərzində cavabdeh iddiaçıya və arbitrlərin hər birinə iddia üzrə öz etirazını göndərir.
2. İddia üzrə etirazlarda iddia ərizəsinin b), c) və d) bəndlərinə (18-ci maddənin 2-ci bəndi) dair cavablar öz əksini tapmalıdır. Cavabdeh iddia üzrə öz müdafiəsində əsaslandığı sənədləri etirazlarına əlavə edə bilər, yaxud gələcəkdə təqdim edəcəyi sənədlərə və ya digər sübutlara istinad edə bilər.
3. Əgər arbitraj məhkəməsi gecikdirməni hazırki halda haqlı sayarsa, iddia üzrə etirazlarında və ya prosesin son mərhələsində cavabdeh həmin müqavilədən irəli gələn qarşılıqlı iddia verə və ya həmin müqavilədən irəli gələn hesablama məqsədilə tələb irəli sürə bilər.
4. Qarşılıqlı iddia və ya hesablama məqsədilə irəli sürülən tələb üzrə 18-ci maddənin 2-ci bəndinin qaydaları tətbiq edilir.

İDDİA TƏLƏBLƏRİNİN VƏ YA ETİRAZLARININ DƏYİŞDİRİLMƏSİ

Maddə 20

Əgər arbitraj məhkəməsi yol verilmiş ləngiməni və ya digər tərəfin marağını və ya istənilən digər hallara görə zərərini nəzərə alaraq, bu dəyişikliyin aparılmasını məqsədəmüvafiq hesab edərsə, arbitraj araşdırmasının gedişi zamanı istənilən tərəf öz iddia tələblərini və ya etirazlarını dəyişə və ya əlavə edə bilər. Lakin iddia tələbində edilən dəyişiklik arbitraj qeyd-şərti və ya ayrıca arbitraj sazişi çərçivəsindən çıxmamalıdır.

ARBİTRAJ MƏHKƏMƏSİNİN AİDİYYATI OLMAMASINA GÖRƏ ETİRAZ

Maddə 21

1. Arbitraj məhkəməsinin məhkəmə aidiyyatlı olmamasına görə etiraz ərizələrinə dair, (arbitraj qeyd-şərti və ya ayrıca arbitraj sazişinin olmamasına və ya etibarsızlığına əsaslanan etirazları daxil olmaqla) qərar çıxarmaq hüququ vardır.
2. Arbitraj məhkəməsi müqavilənin mövcudluğunu (arbitraj qeyd-şərti müqavilənin tərkib hissəsidir) və ya etibarlığını müəyyən etmək səlahiyyətinə malikdir. 21-ci maddənin məqsədləri üçün müqavilənin bir hissəsi olan və hazırki Reqlamentə uyğun arbitraj araşdırmasının nəzərdə tutulduğu, bu müqavilənin digər şərtlərindən asılı olmayan arbitraj qeyd-şərtinə saziş kimi baxılmalıdır. Arbitraj məhkəməsinin müqavilənin əhəmiyyətsizliyini etiraf etməsi, arbitraj qeyd-şərtinin avtomatik olaraq etibarsızlığını şərtləndirmir.
3. Arbitraj məhkəməsinin aidiyyatlı olmamasına dair etirazı, iddia üzrə etirazların və ya qarşılıqlı iddia üzrə etirazların təqdim edilməsindən gec olmayaraq verilməlidir.
4. Bir qayda olaraq, arbitraj məhkəməsi onun aidiyyatlı olmamasına dair etirazı ilkin xarakterli məsələ kimi həll edir. Lakin arbitraj məhkəməsinin arbitraj araşdırmasını davam etdirmək və iş üzrə etiraz məsələsini özünün son qərarında həll etmək hüququ vardır.

ƏLAVƏ YAZILI ƏRİZƏLƏR

Maddə 22

Arbitraj məhkəməsi tərəflərdən iddia ərizəsinə və iddia üzrə etirazlara əlavə yazılı ərizələrin tələb edilməsini müəyyən edir və belə ərizələrin verilməsi müddətini tətbiq edir.

MÜDDƏTLƏR

Maddə 23

Arbitraj məhkəməsinin yazılı ərizələrin təqdim edilməsinə dair müəyyən etdiyi müddətlər (iddia ərizəsi və iddia üzrə etirazlar daxil olmaqla) 45 gündən artıq olmamalıdır. Lakin arbitraj məhkəməsi əsaslı hesab etdiyi hallarda müddəti uzada bilər.

SÜBUTLAR VƏ DİNLƏMƏLƏR (24 və 25-ci maddələr)

Maddə 24

1. Hər bir tərəf öz tələbləri və etirazlarını əsaslandırmaq üçün istinad etdiyi halları sübut etməyə borcludur.
2. Arbitraj məhkəməsi, məqsədəuyğun hesab etdikdə, müəyyən etdiyi müddət ərzində tərəflərin hər hansı birindən hər bir arbitr və digər tərəf üçün mübahisənin predmetini və özünün iddia ərizəsində və ya iddia üzrə etirazlarında şərh olunmuş sənədlərin və ya başqa sübutların xülasəsini tələb edə bilər.
3. Araşdırmanın gedişi zamanı istənilən vaxt arbitraj məhkəməsi tərəflərdən sənədlərin, maddi və ya digər sübutların təqdim olunmasını məhkəmə tərəfindən təyin olunmuş müddət ərzində tələb edə bilər.

Maddə 25
1. Şifahi araşdırma keçirildiyi halda arbitraj məhkəməsi qabaqçadan tərəflərə belə araşdırmanın keçirələcəyi tarix, saat və yer haqqında bildiriş göndərməlidir.
2. Əgər şahidlərin ifadələri dinlənilməlidirsə, arbitraj məhkəməsinə və digər tərəfə dinlənilməyə ən azı 15 gün qalmış hər bir tərəf təsdiq olunacaq halları göstərməklə çağırmaq istədiyi şahidlərin adları, ünvanları və ifadə verəcəyi dil haqqında məlumat verməlidir.
3. Arbitraj məhkəməsi araşdırmanın gedişi zamanı işin halları üzrə vacib hesab edərsə və ya tərəflər bu barədə razılığa gələrək dinləmələrə 15 gün qalmış bu haqda məhkəməyə məlumat verərlərsə, o halda arbitraj məhkəməsi şifahi ifadələrin tərcüməsi və protokol tərtib etməyi təmin etmək üçün tədbirlər görür.
4. Tərəflər başqa razılığa gəlməyiblərsə, dinləmələr qapalı keçirilir. İfadə verilən zaman arbitraj məhkəməsi başqa şahidlərin kənarlaşdırılmasını tələb edə bilər. Arbitraj məhkəməsi şahidlərin dindirilməsi üsulunu özü müəyyənləşdirmək hüququna malikdir.
5. Şahidlərin ifadələri onlar tərəfindən yazılı surətdə təsdiq edilmiş formada təqdim oluna bilər.
6. Təqdim edilən sübutların məqbulluğu, aidiyyatı, mahiyyət və əhəmiyyət kəsb etməsini arbitraj məhkəməsinin özü müəyyən edir.

TƏMİNEDİCİ TƏDBİRLƏR

Maddə 26

1. Tərəflərdən birinin xahişi ilə arbitraj məhkəməsinin mübahisənin predmeti üzrə vacib hesab etdiyi, mübahisənin predmeti olan malların mühafizəsi daxil olmaqla, onların üçüncü tərəfə saxlanca verilməsi barədə və ya tez xarab olan malların satışına dair sərəncam vermək kimi istənilən təminedici tədbirləri qəbul etmək hüququ vardır.
2. Bu kimi təminedici tədbirlər aralıq qətnamə formasında qəbul edilə bilərlər. Arbitraj məhkəməsinin belə tədbirlərin həyata keçirilməsi üçün xərclərin ödənilməsinin təmin edilməsini tələb etmək hüququ vardır.
3. Tərəfin təminedici tədbirlərin qəbul edilməsinə dair məhkəmə orqanına müraciətinə arbitraj haqqında sazişə zidd olan hal və ya sazişdən imtina kimi baxılmamalıdır.

EKSPERTLƏR

Maddə 27

1. Arbitraj məhkəməsi verdiyi konkret məsələlər üzrə yazılı məruzə təqdim etmələri üçün bir və ya bir neçə ekspert təyin edə bilər. Arbitraj məhkəməsinin ekspertə tapşırıq verməsinə dair sənədin surəti tərəflərə göndərilir.
2. Tərəflər ekspertə işə aid olan istənilən məlumatları təqdim edirlər və ya ekspertin onlardan tələb etdiyi işə aid olan istənilən sənədləri və ya malları baxış üçün ona verirlər. Tərəf və ekspert arasında hər hansı məlumatın, sənədlərin və ya malların təqdim olunması üzrə ekspertin əsaslandığı tələblərə dair istənilən mübahisələr arbitraj məhkəməsi tərəfindən həll edilir.
3. Arbitraj məhkəməsi ekspertin məruzəsini aldıqdan sonra, bu məruzə üzrə öz fikirlərini yazılı surətdə bildirmək imkanı verilməsi üçün onun surətini tərəflərə göndərir.
Tərəflərdən hər birinin ekspertin öz məruzəsində istinad etdiyi istənilən sənədlərlə tanış olmaq hüququ vardır.
4. Tərəflərdən hər hansı birinin xahişi ilə ekspert, öz məruzəsini təqdim etdikdən sonra, iclasda çıxış edə bilər, bu halda tərəflərə iclasda iştirak etmək və ekspertə suallar vermək imkanı verilir.
Həmin iclasın gedişi zamanı hər bir tərəf mübahisəli məsələlər üzrə ifadə vermək üçün şahid-ekspertləri dəvət edə bilər. Belə prosedur zamanı 25-ci maddənin müddəaları tətbiq edilir.

TƏRƏFLƏRİN GƏLMƏMƏYİ VƏ SƏNƏDLƏRİN TƏQDİM OLUNMAMASI

Maddə 28

1. Arbitraj məhkəməsinin müəyyən etdiyi müddət ərzində iddiaçı üzürsüz səbəbdən öz iddia ərizəsini təqdim etmədikdə, arbitraj məhkəməsi arbitraj araşdırmasının dayandırılmasına dair qərar çıxarır. Arbitraj məhkəməsinin müəyyən etdiyi müddət ərzində cavabdeh iddia üzrə öz etirazlarını təqdim etmədikdə, arbitraj məhkəməsi arbitraj araşdırmasının davam etdirilməsinə dair qərar qəbul edir.
2. Bu Reqlamentə müvafiq qaydada xəbərdar edilmiş tərəflərdən hər hansı biri üzürlü səbəblər göstərmədən məhkəmə iclasına gəlmədikdə, arbitraj məhkəməsi araşdırmanı davam etdirə bilər.
3. Əgər tərəflərdən birinə müəyyən edilmiş müddət ərzində lazımı qaydada sənədli sübutları təqdim etmək təklif olunubsa və həmin tərəf üzürlü səbəb olmadan sənədləri təqdim etmirsə, o halda arbitraj məhkəməsi mövçud olan sübutlar əsasında öz qərarını verə bilər.

İŞ ÜZRƏ DİNLƏMƏLƏRİN BAŞA ÇATDIRILMASI

Maddə 29

1. Arbitraj məhkəməsi tərəflərin qarşısında onların hər hansı sübutlarının və ya ərizələrinin və yaxud dinlənilməsi üçün şahidlərinin olması məsələsini qoya bilər, bu hallar olmadıqda isə məhkəmə iş üzrə dinləmənin başa çatdırılmasını elan edə bilər.
2. Arbitraj məhkəməsi, zəruri hesab etdiyi müstəsna hallarda, öz təşəbbüsü ilə və ya tərəflərdən birinin vəsatəti ilə arbitraj qətnaməsinin çıxarılmasına qədər istənilən vaxt dinləmənin yenidən başlanması barədə qərar qəbul edə bilər.

BU REQLAMENTƏ İSTİNAD HÜQUQUNDAN İMTİNA

Maddə 30

Hər hansı bir tərəf, hazırki Reqlamentin hansısa bir qaydasına və ya tələbinə riayət edilmədiyini bilirsə və ləngitmədən belə hallara qarşı etirazını bildirmədən arbitraj araşdırmasında iştirakını davam etdirirsə, özünün etiraz hüququndan imtina etmiş sayılır.

IV BÖLMƏ. ARBİTRAJ QƏTNAMƏSİ

QƏTNAMƏLƏRİN QƏBUL EDİLMƏSİ

Maddə 31
 1. İş üzrə üç arbitr olduqda, arbitraj qətnaməsi və ya arbitraj məhkəməsinin digər qərarları arbitrlərin çoxluğu ilə qəbul edilir.
2. Əksəriyyət olmadıqda prosessual məsələlərdə və ya arbitraj məhkəməsi arbitr-sədri səlahiyyətli etdikdə, o, qərarları müstəqil qəbul edə bilər; lakin onun qərarı arbitraj məhkəməsi tərəfindən yenidən baxıla bilər.

ARBİTRAJ QƏRARININ FORMASI VƏ HÜQUQİ QÜVVƏSİ

Maddə 32

1. Arbitraj məhkəməsinin son arbitraj qətnaməsi ilə yanaşı ilkin, aralıq və ya hissəvi arbitraj qərarları çıxarmaq hüququ vardır.
2. Arbitraj qərarı yazılı formada ifadə olunur və tərəflər üçün qəti və məcburidir. Tərəflər arbitraj qərarını ləngitmədən yerinə yetirməyi öhdələrinə götürürlər.
3. Tərəflər arasında arbitraj qətnaməsinin əsaslandırılmaması barədə razılıq yoxdursa, arbitraj məhkəməsi qətnaməsinin əsaslandığı motivləri göstərir.
4. Arbitraj qətnaməsi arbitrlər tərəfindən imzalanmalı və onun çıxdığı tarix və yer qeyd edilməlidir. Üç arbitrdən biri arbitraj qərarını imzalamadıqda, qərarda onun imzasının olmamasının səbəbləri göstərilməlidir.
5. Arbitraj qərarı yalnız hər iki tərəfin razılığı ilə dərc etdirilə bilər.
6. Arbitrlər tərəfindən imzalanmış arbitraj qətnaməsinin surətlərini arbitraj məhkəməsi tərəflərə göndərir.
7. Arbitraj qətnaməsinin çıxdığı ölkənin arbitraj qanunvericiliyi onun qeydiyyatını və ya arbitraj məhkəməsinə saxlanca verilməsini tələb edirsə, məhkəmə bu tələbi həmin qanunvericiliyin nəzərdə tutduğu müddətdə yerinə yetirməlidir.

TƏTBİQ EDİLƏN HÜQUQ, "DOSTCASINA VASİTƏÇİLƏR"

Maddə 33

1. Arbitraj məhkəməsi tərəflərin razılığı ilə mübahisənin mahiyyəti üzrə həllində tətbiq edilməli olan hüququ tətbiq edir. Tərəflər arasında belə razılaşma olmadıqda isə, arbitraj məhkəməsi tətbiq olunmasını mümkün saydığı kollizion normalara əsaslanan hüququ tətbiq edir.
2. Tərəflər bu barədə məhkəməyə birbaşa səlahiyyət veriblərsə və əgər arbitraj prosesini tənzimləyən qanun bu cür arbitraj araşdırmasına yol verirsə, o halda arbitraj məhkəməsi "dostcasına vasitəçilər" və ya ex aequo et bono qismində qərar çıxarır.
3. Bütün hallarda arbitrlər müqavilənin şərtlərinə və həmin razılaşmada tətbiq edilən ticarət adətlərinə uyğun qərar çıxarır.

BARIŞIQ SAZİŞİ VƏ YA ARBİTRAJ ARAŞDIRMASININ DAYANDIRILMASI ÜÇÜN DİGƏR ƏSASLAR

Maddə 34

1. Arbitraj qətnaməsinin çıxarılmasına qədər tərəflər mübahisənin tənzimlənməsinə dair razılıq əldə edirlərsə, arbitraj məhkəməsi arbitraj araşdırmasına xitam verilməsinə dair qərar çıxarır, yaxud hər iki tərəfin xahişi və məhkəmənin razılığı olduqda, mübahisənin aradan qalxmasını razılaşdırılmış şərtlər əsasında arbitraj qərarı formasında rəsmiləşdirir. Arbitraj məhkəməsi belə qərarın motivlərini izah etməyə borclu deyil.
2. Arbitraj qərarı çıxarılana qədər arbitraj araşdırmasının davam etdirilməsi 1-ci bənddə qeyd edilməyən hər hansı bir səbəbdən lazımsız və ya mümkünsüz olduqda, arbitraj məhkəməsi tərəfləri araşdırmaya xitam verilməsinə dair qərar çıxarmaq niyyəti barədə xəbərdar edir. Tərəflərdən hər hansı biri araşdırmaya xitam verilməsinə əsaslı etirazlar vermədikdə arbitraj məhkəməsinin belə qərar çıxarmağa hüququ vardır.
3. Arbitraj araşdırmasına xitam verilməsi barədə qərarın nüsxələri və ya razılaşdırılmış şərtlərlə arbitraj qətnaməsinin nüsxələri arbitrlər tərəfindən imzalanaraq arbitraj məhkəməsi tərəfindən tərəflərə göndərilir. Razılaşdırılmış şərtlər əsasında arbitraj qətnaməsi çıxarılarkən 32-ci maddənin 2-ci və 4-7-ci bəndlərinin qaydaları tətbiq olunur.

ARBİTRAJ QƏRARININ İZAH EDİLMƏSİ

Maddə 35

1. Tərəflərdən hər hansı biri qərarı aldıqdan 30 gün ərzində digər tərəfi xəbərdar etməklə, arbitraj məhkəməsindən qərarın izah edilməsini xahiş edə bilər.
2. Belə izah müvafiq xahiş alındıqdan sonra qırx beş gün ərzində yazılı formada verilir. Bu izah qərarın tərkib hissəsi hesab olunur və ona 32-ci maddənin 2-7-ci bəndlərinin qaydaları tətbiq edilir.

ARBİTRAJ QƏTNAMƏSİNDƏ DÜZƏLİŞLƏR EDİLMƏSİ

Maddə 36

1. Qətnaməni aldıqdan 30 gün müddətində tərəflərdən biri digər tərəfi xəbərdar etməklə, arbitraj məhkəməsindən qətnamədə yol verilmiş hesab səhvlərinin, çap və ya yazı xətalarının düzəldilməsini, yaxud digər bu cür analoji xarakterli qüsurların aradan qaldırılmasını xahiş edə bilər. Tərəflərə qətnaməni elan etdikdən sonra 30 gün müddətində arbitrlər öz təşəbbüsləri ilə bu cür qüsurları aradan qaldıra bilərlər.
2. Bu cür düzəlişlər yazılı formada və 32-ci maddənin 2-7-ci bəndlərinin qaydaları tətbiq edilməklə tərtib olunur.

ƏLAVƏ ARBİTRAJ QƏTNAMƏSİ

Maddə 37

1. Qətnamənin alınmasından 30 gün müddətində, tərəflərdən biri digər tərəfi xəbərdar etməklə arbitraj araşdırmasının gedişində qaldırılmış, lakin qətnamədə əks olunmamış tələblər barəsində arbitraj məhkəməsindən əlavə qətnamə çıxarılmasını xahiş edə bilər.
2. Əgər arbitraj məhkəməsi əlavə qətnamə çıxarılması barədə xahişi haqlı sayarsa və yol verilmiş səhvin yeni dinləmə keçirilmədən və yeni sübutlar təqdim edilmədən aradan qaldırılmasını mümkün hesab edərsə, belə xahişin alınmasından sonra 60 gün müddətində arbitraj məhkəməsi öz qətnaməsini tamamlayır.
3. Əlavə qətnamə çıxarılarkən 32-ci maddənin 2-7-ci bəndlərinin qaydaları tətbiq edilir.

ARBİTRAJ XƏRCLƏRİ (38-40-cı maddələr)

Maddə 38

Arbitraj məhkəməsi arbitraj qətnəmasində arbitraj xərclərinin məbləğini müəyyən edir. "Xərclər" termininə aşağıdakılar aiddir:
a) arbitraj məhkəməsinin özünün 39-cu maddəyə uyğun müəyyən etdiyi hər bir üzvünün ayrı-ayrılıqda qonorarları;
b) arbitrlərin çəkdikləri yol və digər xərclər;
c) arbitrlərin tələb etdikləri ekspert xidmətlərinin və digər yardımın ödənilməsi;
d) arbitraj məhkəməsinin razılıq verdiyi həddə şahidlərin yol və digər xərcləri;
e) işi udan tərəfin hüquqi nümayəndəlik və yardıma görə xərcləri; bu xərclər barədə arbitraj araşdırması zamanı məlumat verilməli və arbitraj məhkəməsi həmin xərclərin məbləğinin ağılabatan olduğunu təsdiqləməlidir;
f) səlahiyyətli orqanın qonorarları və xərcləri, həmçinin, Haaqa Daimi münsiflər məhkəməsinin Baş katibinin xərcləri.

Maddə 39
1. Arbitraj məhkəməsi qonorarının miqdarı mübahisəli məbləğ, mübahisə predmetinin mürəkkəbliyi, arbitrlərin sərf etdikləri vaxt və işə aid olan digər hallar nəzərə alınmaqla, ağılabatan olmalıdır.
2. Əgər səlahiyyətli orqanı tərəflər razılaşdırıbsa və ya Haaqa Daimi münsiflər məhkəməsnin Baş katibi tərəfindən təyin edilibsə və bu orqan araşdırma ilə bağlı beynəlxalq işlər üzrə arbitrlərin qonorarlarının cədvəlini müəyyən edibsə, bu halda arbitraj məhkəməsi öz qonorarını müəyyən edərkən işin halları üzrə həmin cədvəli nəzərə almalıdır.
3. Əgər həmin səlahiyyətli orqan beynəlxalq işlər üzrə arbitrlərin qonorarlarının cədvəlini müəyyən etməyibsə, o halda tərəflərin hər biri istənilən vaxt səlahiyyətli orqandan onun təyin etdiyi beynəlxalq işlər üzrə arbitrlərin qonorarlarının miqdarını müəyyən etmək üçün adətən istifadə edilən əsaslar haqqında arayış verilməsini xahiş edə bilər. Əgər səlahiyyətli orqan belə arayışın təqdim edilməsi ilə razılaşırsa, arbitraj məhkəməsi öz qonorarını müəyyən edərkən, işin hallarını nəzərə alaraq belə məlumatı müvafiq bildiyi həddə qəbul edir.
4. 2 və 3-cü bəndlərdə göstərilən hallarda tərəf xahiş edərsə, səlahiyyətli orqan isə bu funksiyanı yerinə yetirməyə razılaşarsa, öz qonorarının miqdarını yalnız arbitraj məhkəməsinə qonorarla bağlı haqlı saydığı iradları irəli sürən səlahiyyətli orqanla məsləhətləşdikdən sonra müəyyən edir.

Maddə 40
1. 2-ci bənd istisna olmaqla, arbitraj xərclərini əleyhinə qətnamə çıxarılmış tərəf ödəməlidir. Lakin arbitraj məhkəməsi işin hallarını nəzərə almaqla, münasib hesab etdikdə belə xərcləri tərəflər arasında bölüşdürə bilər.
2. 38-ci maddənin e) bəndində qeyd edilən hüquqi nümayəndəliyin və edilən köməyin xərclərə münasibətdə, arbitraj məhkəməsi işin hallarını nəzərə alaraq, tərəflərdən hansı birinin bu xərcləri ödəməsini müəyyən etmək və ya ağılabatan hesab etdikdə, xərcləri tərəflər arasında bölüşdürmək hüququ vardır.
3. Arbitraj məhkəməsi arbitraj araşdırmasına xitam verilməsinə dair qərar və ya razılaşdırılmış şərtlərlə qətnamə çıxararsa, 38-ci maddədə və 39-cu maddənin 1-ci bəndində göstərilən arbitraj xərclərini həmin qərar və ya qətnamə ilə müəyyənləşdirir.
4. Arbitraj məhkəməsinin 35-37-ci maddələrə əsasən öz qətnaməsində izaha, düzəlişə və ya tamamlamaya görə hər hansı əlavə qonorarları təyin etmək hüququ yoxdur.

ARBİTRAJ XƏRCLƏRİNİN AVANSLA ÖDƏNİLMƏSİ

Maddə 41

1. Arbitraj məhkəməsi formalaşdıqdan sonra tərəflərin hər birindən 38-ci maddənin a), b) və c) bəndlərində göstərilən xərclərin avansla bərabər məbləğdə ödənilməsini tələb edə bilər.
2. Arbitraj məhkəməsi arbitraj gedişi zamanı tərəflərdən əlavə məbləğlərin ödənilməsini tələb edə bilər.
3. Əgər səlahiyyətli orqan tərəflərin razılığı ilə seçilibsə və ya Haaqa Daimi münsiflər məhkəməsinin Baş katibi tərəfindən təyin edilibsə və əgər tərəf bu barədə xahiş edirsə, səlahiyyətli orqan isə bu funksiyanı yerinə yetirməyə razılıq verirsə, arbitraj məhkəməsi avansın və ya əlavə avansların məbləğini arbitraj məhkəməsinə bu avansların məbləği ilə bağlı haqlı hesab etdiyi qeydləri edən səlahiyyətli orqanla məsləhətləşmədən sonra təyin edir.
4. Əgər tələb edilən avans bu haqda xahiş alındıqdan sonra 30 gün müddətində bütövlükdə ödənmirsə, arbitraj məhkəməsi tərəflərin hər hansı birinin tələb edilən məbləği ödəyə biləcəyi barədə onları məlumatlandırır. Tələb edilən məbləğ ödənmədiyi halda arbitraj məhkəməsi arbitraj araşdırmasının dayandırılması və ya xitam verilməsinə dair qərar çıxara bilər.
5. Qətnamə çıxarıldıqdan sonra arbitraj məhkəməsi tərəflərə alınmış məbləğlər barədə hesabat təqdim edir və xərclənməmiş qalıqları onlara qaytarır.


*Baş Assambleyanın xüsusi hesabatları, otuz birinci sessiya, Əlavə № 17 (A/31/17), V başlıq, C bölməsi.
** Bu müqavilədən irəli gələn və ya buna aid olan istənilən fikir ayrılığı və tələb yaxud bu müqavilənin pozulması, xitam verilməsi və ya etibarsızlığı ilə bağlı məsələlər hazırda qüvvədə olan YUNSİTRAL Arbitraj Reqlamentinə müvafiq olaraq arbitrajda həll olunacaq.