YUNSİTRAL ARBİTRAJ REQLAMENTİ

demo

YUNSİTRAL ARBİTRAJ REQLAMENTİ

15 dekabr 1976-cı ildə qəbul edilmişdir.

15 dekabr 1976-cı il tarixdə
Baş Assambleya tərəfindən qəbul edilmiş 31/98 saylı Qətnamə
Birləşmiş Millətlər Təşkilatının beynəlxalq ticarət hüququ üzrə Komissiyasının

Arbitraj reqlamenti

Baş Assambleya,
beynəlxalq ticarət münasibətləri kontekstində yaranan mübahisələrin nizama salınması üsulu kimi arbitrajın əhəmiyyətini tanıyaraq,
müxtəlif hüquqi, sosial və iqtisadi sistemlərə malik ölkələrə münasibətdə qəbul edilən xüsusi arbitraj üçün reqlamentin hazırlanması beynəxalq iqtisadi münasibətlərin harmonik inkişafına dəyərli töhfə olacağına inanaraq,
Birləşmiş Millətlər Təşkilatının beynəlxalq ticarət hüququ üzrə Komissiyasının Arbitraj reqlamentinin arbitraj təşkilatları və beynəlxalq ticarət arbitrajı mərkəzləri ilə uzun sürən məsləhətləşmələrdən sonra hazırlandığını nəzərə alaraq,
Arbitraj reqlamentinin Birləşmiş Millətlər Təşkilatının beynəlxalq ticarət hüququ üzrə Komissiyası tərəfindən onun doqquzuncu sessiyasında* əsaslı müzakirədən sonra qəbul edildiyini qeyd edərək,
1. Birləşmiş Millətlər Təşkilatının beynəlxalq ticarət hüququ üzrə Komissiyasının Arbitraj reqlamentini beynəlxalq ticarət münasibətləri kontekstində meydana gələn mübahisələrin həllində, xüsusilə də kommersiya müqavilələrində Arbitraj reqlamentinə istinad yolu ilə istifadəsini tövsiyə edir;
2. Arbitraj reqlamentinin mümkün qədər geniş yayılmasının təmin edilməsini Baş katibdən xahiş edir.

YUNSİTRAL ARBİTRAJ REQLAMENTİ

BÖLMƏ 1. GİRİŞ MÜDDƏALARI

TƏTBİQ DAİRƏSİ

Maddə 1
 1. Tərəflər müqavilədə yazılı formada** həmin müqaviləyə aid olan mübahisələrin YUNSİTRAL Arbitraj reqlamenti əsasında arbitraja verilməsi haqqında razılaşdıqda, belə mübahisələr tərəflərin yazılı formada razılaşa bildikləri dəyişikliklərlə bu Reqlament əsasında həll edilməlidir.
2. Bu Reqlament, onun qaydalarının tərəflərin imtina edə bilmədikləri qanunun normaları ilə ziddiyyət təşkil etdiyi hallar istisna olmaqla, arbitraj araşdırmasını tənzimləyir. İstisna halda həmin qanunun norması tətbiq olunur.