Enerji Mübahisələri üzrə Arbitraj Mərkəzi “Neft-qaz mübahisələri” Vebinar təşkil edilmişdir.

demo

Beynəlxalq arbitraj sahəsində Türkiyə-Azərbaycan əlaqələri 06 aprel 2022-ci ildə Türkiyənin Enerji Mübahisələri üzrə Arbitraj Mərkəzi (EDAC) və Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin birgə vebinarı keçirilib. Vebinarın mövzusu “Neft və qaz mübahisələri”nə dair Tükiyə və Azərbaycanda qanunvercilik bazası, mövcud mübahisəli məqamlar, mübahisələrə baxılması və həlli pesrpektivləri və s. məsələlər olmuşdur. Azərbaycan Beynəlxalq Arbitraj Məhkəməsinin sədr müavini Əsəd Mirzəliyev vebinarda “Azərbaycanda enerji sahəsində qanunvericilik bazası” mövzusunda məruzə ilə çıxış etmişdir. Çıxışın tam mətni “Tədbirlər” bölümündə yerləşdirilir. Azərbaycanda enerji sahəsində qanunvericilik bazası Hörmətli tədbir iştirakçıları, çox hörmətli arbitrlər. Hər birinizi Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi adından salamlayır, tədbirin təşkilatçılarına təşəkkürümü bildirirəm. Bu gün mən Sizlərə Azərbaycanda enerji sahəsində qanunvericilik bazası, onun yaranmasının tarixi anları, inkişafı və mövcud vəziyyət barədə məlumat verəcəyəm. Məlumat üçün bildirim ki, hər bir ölkədə səmərəli investisiya şəraiti yaradılmadan həmin ölkəyə xarici sərmayədarların, investorların cəlb olunması mümkünsüzdür. Buna görə də 15 yanvar 1992-ci ildə Azərbaycanda “Xarici investisiyanın qorunması haqqında” Qanun qəbul edildi. Hansı ki, bu Qanun Azərbaycan Respublikasının ərazisində xarici investisiya qoyuluşunun hüquqi və iqtisadi prinsiplərini müəyyən edir. Qanun xalq təsərrüfatında xarici maddi və maliyyə ehtiyatlarının, qabaqcıl xarici texnikanın və texnologiyanın, idarəetmə təcrübəsinin cəlb olunmasına, bunlardan səmərəli istifadə edilməsinə yönəlmişdir və xarici investorların hüquqlarının müdafiəsinə təminat verir. Respublikada belə qanunvericilik bazasının yaradılması qısa müddət sonra “Əsrin müqaviləsi” adını almış möhtəşəm müqavilənin bağlanmasına zəmin yaratdı. 1994-cü il sentyabrın 20-də Bakıdakı “Gülüstan” sarayında öz müstəsna əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını almış müqavilənin bağlanması ilə ölkəmizdəki karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılmasının yeni dövrü başladı. Dənizin dərinliyində yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsi və hasilatın pay bölgüsü haqqında 400 səhifəlik “Əsrin müqaviləsi”ndə 8 ölkədən (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya, Səudiyyə Ərəbistanı) 13 şirkət (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak edirdi. Bu müqavilə sonradan 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 sazişin imzalanmasına yol açdı. Bu sazişlərin imzalanması ölkəmizin neft sənayesindən gələn gəlirlərini artırdı və bugünki inkişafımızın təməlini qoydu. Bu tarixi sənədin qəbulu ilə ölkəmizdə neft-qaz sənayesinin inkişafında yeni era başlandı. Həmin müqavilənin uğurlu icrasından sonra xarici sərmayədarlar tərəfindən Azərbaycana 10 milyardlarla dollar həcmində sərmayə qoyulmuşdur. Azərbaycanda hasilatın pay bölgüsü haqqında bağlanmış saziş mülki-hüquqi müqavilələrdən tamamilə fərqli bir sənəd olmaqla, onun qəbul və təsdiq olunması Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş Qanunla sənədləşdirilir və orada nəzərdə tutulur ki, Sazişin qüvvədə olduğu müddət ərzində Sazişə hökümət təminatına və əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının müddəalarından üstün hüquqi qüvvəyə malikdir. Həmin Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir. Qeyd olunan məzmunlu sazişlər Azərbaycanda enerji qanunvericiliyi sistemində əhəmiyyətli yer tutmuşdur. Daha sonra 3 aprel 1998-ci ildə qəbul edilmiş “Elektro energetika haqqında” Qanun, 30 iyun 1998-ci ildə qəbul edilmiş “Qaz təchizatı haqqında” Qanun, 24 noyabr 1998-ci ildə “Energetika haqqında” Qanun, “Enerji resurslarından istifadə haqqında” Qanun “Elektrik və istilik stansiyaları haqqında” Qanun elektrik enerjisindən, qazdan istifadəyə dair Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Qaydalarla enerji sahəsindəki qanunvericilik təkmilləşdirilmişdir. Bu sahədə aparılan işlərin səmərəliliyinin artırılması məqsədi ilə 02 fevral 2009-cu ildə “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” Qanun qəbul edilmişdir. Həmin Qanunda xüsusi olaraq vurğulanmışdır ki, bu Qanun Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş və həyata keçirilməsinə icazə verilmiş Azərbaycan Respublikasının ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) ona mənsub bölməsində xam neft və təbii qaz yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişlər, boru kəməri haqqında və bu qəbildən olan digər saziş və qanunlar əsasında həyata keçirilən fəaliyyətə şamil edilmir. Bu Qanun həmçinin, Azərbaycan Respublikasının ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) ona mənsub bölməsində olan yataqlarda neft-qaz əməliyyatlarının hər hansı biri ilə bağlı işlərin görülməsi, xidmətlərin göstərilməsi və idxal-ixrac əməliyyatlarının aparılmasına şamil edilmir. Həmin qanunla müəyyən edilmişdir ki, podratçılar və subpodratçılar ixrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar vergiləri bu Qanunda nəzərdə tutulmuş qaydada və dərəcə ilə ödəyirlər. Eləcə də həmin Qanunla müəyyən edilmişdir ki, podratçılar və subpodratçılar ixrac məqsədli neft qaz fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasına idxal etdiyi, eləcə də Respublikadan ixrac etdiyi məhsullar və xidmətlərə görə gömrük rüsumundan, əlavə dəyər vergisindən azaddırlar. Milli qanunvericilikdə neft-qaz məhsullarından, elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə cinayət məsuliyyəti və inzibati tənbeh tədbirləri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasıının Konstitusiyasına görə qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə Azərbaycan Respublikaısnın tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət olarsa, beynəlxalq müqavilələr tətbiq edilir. Hörmətli Həmkarlar Respublikamızın enerji sahəsində qəbul etdiyi qanunvericilik aktlarını sadalamqla vaxtınızı almaq istəmirəm. Həm qanunvericilik bazasının və həm də məhkəmə sisteminin mükəmməl və güvənli olmasını sübutu kimi Azərbaycana xarici investorların günü gündən artan maraqlarını, bu sahədə Azərbaycanda çox münbit şərait olmasını, ona görə də sərmayə qoymalarını göstərmək kifayətdir. 13 yanvar 2022-ci ildə təməli qoyulmuş dünyanın ilk hibrid tipli elektirk stansiyası, Qafqazın ən böyük külək elektrik stansiyası olan “Xızı-Abşeron” KES Səudiyyə Ərəbistanı Krallığının “ACVVA Power” şirkətinin vəsaiti ilə onlar tərəfindən inşa ediləcəkdir. Məlumat üçün bildirirəm ki, Azərbaycanda 01 sentyabr 2000-ci ildən 3 pilləli yeni məhkəmə sistemi fəaliyyətə başlamışdır. İşlərə baxılması 1-ci instansiya, apellyasiya və kassasiya mərhələlərindən keçir. Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə əlaqədar mübahisələrə baxan birinci instansiya kimi kommersiya məhkəmələri, eləcə də apellyasiyaya və kassasiya instansiyası məhkəmələrində kommersiya kollegiyaları fəaliyyət göstərir. Qanunvericilik qaydasında təsbit olunmudur ki, kommersiya mübahisələri ilkin olaraq məcburi qaydada mediasiyadan keçməlidir. Hərgah mediasiyada mübahisənin həlli mümkün olmadıqda məhkəməyə müraciət olunur. Son illər Azərbaycanda inkişaf etməkdə olan mediasiya institunun neft-qaz sənayesi sahəsində baş verən mübahisələr üzrə tətbiqini, mübahisələrin danışıqlar yolu ilə həllini daha məqbul hesab edirəm. Bu uzun uzadı məhkəmə çəkişmələrinin aparılmasını aradan qaldırar, mübahisənin daha tez və səmərəli həlinə zəmin yaradar. Mübahisənin həllinə mediasiya qaydasında nail olmaq mümkün olmazsa, o zaman arbitraj məhkəməsinə müraciəti məqbul hesab edirəm. Məlumat üçün bildirirəm ki, “Beynəlxalq Arbitraj haqqında” Azərbaycan Respublikası Qanununa və digər normativ aktlara uyğun olaraq 2002-ci ildə Azərbaycan Respublikasında Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi (BKAM) təsis olunmuşdur. Keçən 20 il müddətində Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi öz fəaliyyətini genişləndirmiş, arbitraj və mediasiya sahəsində zəngin təcrübəyə malik Türkiyə, Almaniya, Ruminiya, Misir, Malayziya, Avstraliya, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, Ukrayna daxil olmaqla ümumilikdə 10 ölkə ilə memorandum və ya qarşılıqlı əməkdaşlıq haqqında sazişlər bağlamışdır. Hazırda da bu sahədə fəaliyyətini genişləndirməkdə davam edir. Sonda bir daha vurğulamaq istəyirəm ki, Sizinlə qarşılıqlı əməkdaşlıq şəraitində çalışmağımızdan çox məmnunuq. Hesab edirik ki, bu günkü tədbir qarşılıqlı fəaliyyətimizdə öz müsbət təsirini göstərəcək və gələcəkdə bu sahədəki fəaliyyətimiz daha da səmərəli olacaqdır. Çox vacib və əhəmiyyətli çalışmalarımızda hər birinizə uğurlar arzulayıram.