

26 iyun 2007-cı ildə Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi ilə Avstriya Federal İqtisadiyyat Palatasının Beynəlxalq Arbitraj Mərkəzi arasında əməkdaşlıq müqaviləsi bağlanmışdır. Avstriya Federal İqtisadiyyat Palatasının Beynəlxalq Arbitraj Mərkəzinin baş katibi Manfred Hayder BKAM-ın fəaliyyətinin 5 illiyi və Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin yenidən təşkili münasibətilə göndərdiyi məktubda kollektivi təbrik edərək yazır: “Mübahisələrin həlli üsulu kimi arbitrajın əhəmiyyəti getdikcə artmaqdadır. Xarici investisiyanı cəlb etmək üçün arbitraj və digər məsələləri tənzimləyən müasir hüquqi bazanın mövcudluğu zəruridir. Xarici arbitraj qərarlarının tanınması və icrası haqqında Nyu-York Konvensiyasının üzvü və Beynəlxalq Kommersiya Arbitrajı haqqında UNCITRAL Nümunəvi Qanununu, digər qanunvericilik aktlarını qəbul etmiş ölkə kimi Azərbaycan Respublikasında ciddi hüquqi baza yaranmışdır. BKAM regionda aparıcı arbitraj institutuna çevrilmək üçün səmərəli imkanlara malikdir. Azərbaycanın sürətlə inkişaf edən iqtisadiyyatı var. Ölkədə iqtisadi iqlimin əlverişliliyi neft-qaz sənayesində Bakı-Tbilisi-Ceyhan kimi mühüm layihənin və Türkiyəyə qədər olan qaz kəməri çəkilişinin başa çatması Azərbaycanı beynəlxalq iqtisadiyyatın diqqət mərkəzinə çıxarmışdır. Yalnız enerji sektoru deyil, eyni zamanda inşaat sənayesi və yanacaq kəşfiyyatı üçün avadanlıq istehsalçıları ölkənin davamlı və dinamik inkişafına öz töhfələrini vermişlər. Beləliklə, xarici şirkətlərlə Azərbaycan müəssisələri arasındakı iqtisadi əlaqələr inkişaf etdikcə, bu tip iqtisadi münasibətlərdən yaranan mübahisələrin arbitrajda həll ediləcəyi gözlənilən haldır.”
Xatırladaq ki, Avstriya Federal İqtisadiyyat Palatasının Beynəlxalq Arbitraj Mərkəzi 1975-ci ildə təsis edilmişdir. Onun Şərq-Qərb arbitrajında zəngin təcrübəsi vardır. Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi ilə əməkdaşlıq əlaqələrinə daxil olmaq məntiqli bir addım idi. Ümid edirik ki, yaxın gələcəkdə bu əməkdaşlıq daha da məhsuldar və davamedici olacaqdır.
Avstriya Federal İqtisadiyyat Palatasının Beynəlxalq Arbitraj Mərkəzi beynəlxalq ticarət və iqtisadi müqavilələrdən irəli gələn mübahisələrin arbitraj qaydasında həll olunması məqsədi ilə Avstriya Federal İqtisadiyyat Palatası tərəfindən yaradılmışdır. Qeyd etmək lazımdır ki, bu qurum ilk dəfə mübahisələrin barışdırıcı (vasitəçi) və arbitraj qaydasında həllini nəzərdə tutan Arbitraj Mərkəzi kimi yaradılmış, sonradan Beynəlxalq Arbitraj Mərkəzi adlandırılmışdır.
