Azerbaijan Arbitration and Mediation Center - # BEYNƏLXALQ ARBİTRAJ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
  
Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland


Hüquqi İslahatlara
Yardım Mərkəzi

# BEYNƏLXALQ ARBİTRAJ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

BEYNƏLXALQ ARBİTRAJ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Fəsil I. Ümumi müddəalar

Maddə 1. Qanunun tətbiqi dairəsi

1.Bu Qanun Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrə əməl edilməklə beynəlxalq ticarət arbitrajına tətbiq edilir.
2. Bu Qanunun müddəaları (8, 9, 35 və 36-cı maddələri istisna olmaqla) yalnız arbitrajın yeri Azərbaycan Respublikasında olduğu halda tətbiq edilir.
3. Arbitraj aşağıdakı hallarda beynəlxalq sayılır:
c arbitraj razılaşması (sazişi) (bundan sonra "arbitraj sazişi adlandırılacaq") bağlananda onun tərəflərinin müəssisələri ayrı-ayrı dövlətlərdə yerləşirlər;
c aşağıdakı yerlərdən biri tərəflərin öz müəssisələrinin olduğu dövlətin hüdudlarından kənarda yerləşir:
a) arbitrajın yeri, əgər bu yer arbitraj sazişində və yaxud ona uyğun müəyyən edilmişdirsə;
b) ticarət münasibətlərindən irəli gələn öhdəliklərin əsas hissəsinin icra edilməli olduğu hər hansı yer və yaxud mübahisə predmetinin sıx əlaqəli olduğu yer;
c tərəflər qəti razılığa gəlmişlər ki, arbitraj sazişinin predmeti birdən çox dövlət ilə əlaqəlidir.
4. Bu maddənin 3-cü bəndinin məqsədləri üçün:
c tərəfin bir neçə müəssisəsi olduğu halda müəssisə arbitraj sazişinə daha çox münasibəti (aidiyyəti) olan müəssisə sayılır;
c tərəflərin müəssisəsi yoxdursa, tərəfin daimi yaşayış yeri nəzərə alınır.
5. Bu Qanun müəyyən mübahisələrin arbitraja verilə bilmədiyini, yaxud bu Qanunda olan müddəalardan fərqli digər müddəalara müvafiq surətdə verilə bildiyini nəzərdə tutan Azərbaycan Respublikası qanunlarının qüvvəsinə aid deyildir.

Maddə 2. Əsas anlayışlar

Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mə`naları ifadə edir:
a) "arbitraj" - daimi arbitraj idarəsi tərəfindən keçirib-keçirilmədiyindən asılı olmayaraq hər bir arbitraj;
b) "arbitraj məhkəməsi" - təkbaşına arbitr və ya arbitrlər kollegiyası;
c) bu Qanunun 28-ci maddəsi istisna olmaqla, digər hər hansı müddəası tərəflərə müəyyən məsələlər üzrə qərar qəbul etmək imkanı verdiyi halda, tərəflər belə qərarın qəbul edilməsini hər hansı təşkilata (idarəyə) və yaxud üçüncü şəxsə tapşıra bilər;
ç) Bu Qanunun müddəalarında tərəflərin razılığa gəlməsinə və ya razılığa gələ biləcəklərinə dair istinad, yaxud tərəflərin razılığa gəlmələrinə dair hər hansı başqa formada istinad vardırsa, belə saziş bu razılıqda göstərilmiş hər cür arbitraj qaydalarını nəzərdə tutmalıdır;
d) bu Qanunun hər hansı bir müddəasında (25 (a) və 32 (2) maddələri istisna olmaqla) iddiaya istinad vardırsa, o həmçinin qarşılıqlı iddiaya da tətbiq edilir. E`tiraza istinad vardırsa, o həmçinin belə qarşılıqlı iddiaya aid e`tiraza da tətbiq edilir.

Maddə 3. Yazılı mə`lumatların alınması

1. Tərəflər başqa hallar barədə şərtləşməmişlərsə:
a) hər hansı yazılı mə`lumat adresata şəxsən və ya onun müəssisəsinə və ya onun yaşayış yeri üzrə və yaxud poçt ünvanına çatdırılıbsa, o, alınmış hesab edilir. Əgər bu cür qaydada mə`lumatın çatdırılması alınmırsa, yazılı mə`lumat müəssisənin mə`lum olan axırıncı ünvana və ya adresatın yaşayış yerinə, yaxud onun poçt ünvanına sifarişli məktubla, ya da belə mə`lumatların çatdırılmasının digər formalarına uyğun olaraq qeydiyyatdan keçirmək şərti ilə göndərilibsə, o alınmış sayılır;
b) mə`lumat belə çatdırmanın baş verdiyi gün alınmış hesab edilir.
2. Bu maddənin müddəaları məhkəmələrdə icraatın gedişində olan mə`lumatlara tətbiq edilmir.

Maddə 4. E`tiraz hüququndan imtina etmə

Hər hansı tərəfin bu Qanunun yerinə yetirilməməsi mümkün olan hər hansı bir müddəasına və ya arbitraj sazişinin hər hansı tələbinə əməl edilməməsi barədə xəbəri varsa və buna baxmayaraq öz e`tirazını bildirmədən arbitraj prosesində iştirakına davam edirsə və bu e`tirazın verilməsi üçün müvafiq müddət müəyyən edilibsə, tərəf bu müddət ərzində özünün e`tiraz hüququndan imtina etmiş sayılır.

Maddə 5. Dövlət müdaxiləsinin hüdudları

Bu Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla bu Qanunla tənzimlənən məsələlərə dair heç bir məhkəmə müdaxiləsi olmamalıdır.

Maddə 6. Arbitraja münasibətdə müvafiq nəzarət və yardım funksiyalarını yerinə yetirən məhkəmə

Bu Qanunun 11-ci maddəsinin 3 və 4-cü bəndlərində, 13-cü maddəsinin 3-cü bəndində, 14-cü maddəsinin 1-ci bəndində, 16-cı maddəsinin 3-cü bəndində, 27-ci maddəsində və 34-cü maddəsinin 2-ci və 3-cü bəndlərində göstərilən məhkəmənin funksiyalarını Azərbaycan Respublikasının İqtisad Məhkəməsi yerinə yetirir.

Fəsil II. Arbitraj sazişi

Maddə 7. Arbitraj sazişinin anlayışı və forması

1. "Arbitraj sazişi" - müqavilə xarakteri və yaxud başqa xarakter daşıyıb-daşımamasından asılı olmayaraq, hər hansı bir konkret hüquq münasibəti ilə əlaqədar tərəflər arasında yarana biləcək mübahisələrin hamısının və ya müəyyən mübahisələrin arbitraja verilməsi barəsində tərəflərin sazişidir.
Arbitraj sazişi müqavilədə arbitraj qeyd-şərti kimi və yaxud ayrıca saziş kimi bağlanıla bilər.
2. Arbitraj sazişi yazılı formada bağlanılır.
Saziş o halda yazılı şəkildə bağlanmış hesab olunur ki, o, tərəflərin imzaladıqları sənəddə əks etdirilmişdir və ya məktub mübadiləsi və yaxud belə sazişin təsbit olunmasını tə`min edən teletayp, teleqraf və ya elektron rabitəsinin başqa vasitələrindən istifadə olunmaqla bağlanmışdır və digər tərəf buna e`tiraz etmir. Arbitraj qeyd-şərtinə müqavilədə istinad edilməsi arbitraj sazişi hesab olunur, bu şərtlə ki, müqavilə yazılı şəkildə bağlanmışdır və bu istinad həmin qeyd-şərti müqavilənin bir hissəsinə çevirir.

Maddə 8. Arbitraj sazişi və məhkəmədə mübahisənin mahiyyəti üzrə iddianın təqdim edilməsi

1. Arbitraj sazişinin predmeti olan məsələyə aid qarşısında iddia qaldırılmış məhkəmə hər hansı bir tərəfin mübahisənin mahiyyəti üzrə ilkin ərizəsinin təqdim edildiyi vaxtdan gec olmayaraq, bu barədə tərəflərin xahişi olarsa, arbitraj sazişi e`tibarsız deyilsə, qüvvəsini itirməmişdirsə və yaxud icrası mümkün olmayan hallar yoxdursa, tərəfləri arbitraja göndərməlidir.
2. Buna baxmayaraq, bu maddənin 1-ci bəndində nəzərdə tutulmuş iddianın verildiyi halda məhkəmədə iddianın məhkəmə aidiyyəti məsələsi həll edilənədək arbitraj baxışı başlana və ya davam etdirilə bilər və arbitraj qərarı qəbul edilə bilər.

Maddə 9. Arbitraj sazişi və məhkəmənin tə`minedici tədbirləri

Tərəflərin arbitraj baxışına qədər və yaxud arbitraj baxışı ərzində tə`minedici tədbirlərin görülməsi haqqında məhkəməyə müraciət etmələri və məhkəmənin belə tədbirlərin tə`min edilməsi ilə bağlı müvafiq qərar qəbul etməsi arbitraj sazişi ilə ziddiyyət təşkil etmir.

Fəsil III. Arbitraj məhkəməsinin tərkibi

Maddə 10. Arbitrlərin sayı

1.Tərəflər öz mülahizələrinə uyğun olaraq arbitrlərin sayını müəyyən edə bilərlər.
2.Tərəflər bu sayı müəyyən etmirlərsə, belə halda üç arbitr tə`yin edilir.

Maddə 11. Arbitrlərin tə`yin edilməsi

1.Tərəflər arasında digər razılıq yoxdursa, heç bir şəxs vətəndaşlığı ilə bağlı arbitr kimi iştirak etmə hüququndan məhrum edilə bilməz.
2.Tərəflər bu maddənin 4 və 5-ci bəndlərinə əməl etmək şərti ilə öz mülahizələrinə əsasən arbitr və ya arbitrlərin tə`yin edilməsi prosedurunu razılaşma əsasında müəyyən edə bilərlər.
3.Bu barədə razılıq olmadıqda:
a) arbitrajda üç arbitr olacağı halda, hər bir tərəf bir arbitr tə`yin edir, tə`yin edilmiş iki arbitr isə üçüncü arbitri tə`yin edir. Digər tərəfdən bu barədə müraciət almış tərəf 30 gün müddətində arbitr tə`yin etməzsə və yaxud tərəflərin tə`yin etdiyi iki arbitr tə`yin edildikləri gündən 30 gün müddətində üçüncü arbitrin seçilməsi haqqında razılığa gələ bilməmişlərsə, tərəflərdən hər hansı birinin müraciəti ilə arbitr 6-cı maddədə göstərilmiş məhkəmə tərəfindən tə`yin edilir;
b) təkbaşına arbitr ilə olan arbitrajda arbitr tə`yin edilməsində tərəflər razılığa gələ bilmədikdə, hər hansı tərəfin xahişi ilə arbitr 6-cı maddədə göstərilmiş məhkəmə tərəfindən tə`yin edilir.
4. Tərəflərin əvvəlcədən razılaşdırdıqları tə`yinetmə prosedurunda:
a) tərəflərdən biri belə prosedura əməl etmirsə; və yaxud
b) belə prosedur ilə əlaqədar tərəflər və yaxud iki arbitr prosedura uyğun olaraq razılığa gələ bilmirsə; və yaxud
c) bu prosedura ilə əlaqədar təşkilat (idarə) da daxil olmaqla üçüncü şəxs prosedura uyğun üzərinə düşmüş hər hansı funksiyanı icra etmirsə, tə`yin etmə proseduru haqqında arbitraj sazişində digər qaydalar nəzərdə tutulmayıbsa, hər bir tərəf 6-cı maddədə göstərilmiş məhkəmədən zəruri tədbirlər görülməsini xahiş edə bilər.
5. 6-cı maddədə göstərilən məhkəmə tərəfindən bu maddənin 3 və ya 4-cü bəndlərinə uyğun olaraq hər hansı məsələyə aid qəbul edilmiş qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə arbitr tə`yin edərkən tərəflərin gəldiyi razılığa uyğun olaraq arbitrin namizədliyinə dair bütün zəruri tələbləri, o cümlədən arbitrin müstəqil və qərəzsizliyinə aid tələbləri nəzərə alaraq, təkbaşına arbitr və yaxud üçüncü arbitr tə`yin edildiyi hallarda tərəflərin vətəndaşlığına mənsub olmayan, digər vətəndaşlığı olan arbitrin tə`yin edilməsinin arzu olunduğunu da nəzərə ala bilər.

Maddə 12. E`tiraz üçün əsaslar

1. Hər hansı bir şəxsə, onun arbitr tə`yin edilməsi ilə bağlı müraciət edilirsə, həmin şəxs özünün qərəzsizliyi və müstəqilliyi barədə əsaslı şübhələr doğura bilən hallar haqqında mə`lumat verməlidir. Arbitr bu hallar haqqında tərəflərə əvvəlcədən mə`lumat verməmişdirsə, arbitr tə`yin edildiyi andan və arbitraj baxışı ərzində ləngitmədən belə hallar haqqında tərəflərə mə`lumat verməlidir.
2. Arbitrə e`tiraz yalnız o halda verilə bilər ki, onun qərəzsizliyi və müstəqilliyi barəsində əsaslı şübhələr vardır və yaxud o, tərəflərin sazişində şərtləşdirilmiş ixtisasa malik deyildir. Tərəf özünün tə`yin etdiyi və ya tə`yin olunmasında iştirak etdiyi arbitrə yalnız onun tə`yin edilməsindən sonra mə`lum olmuş səbəblərə görə e`tiraz edə bilər.

Maddə 13. E`tiraz proseduru

1. Tərəflər bu maddənin 3-cü bəndinin müddəalarına əməl etmək şərti ilə öz mülahizələri əsasında arbitrə e`tirazın proseduru haqqında razılığa gələ bilərlər.
2. Tərəflər arasında belə razılaşma olmadığı halda, arbitrə e`tirazını bildirmək istəyən tərəf arbitraj məhkəməsinin təşkili və yaxud 12-ci maddənin 2-ci bəndində göstərilən hər cür halları bildiyi vaxtdan 15 gün müddətində e`tirazın səbəblərini yazılı surətdə arbitraj məhkəməsinə bildirməlidir.
E`tiraz edilmiş arbitr vəzifəsindən imtina etmirsə və yaxud digər tərəf imtina ilə razılaşmırsa, e`tiraz haqqında məsələ arbitraj məhkəməsi tərəfindən həll edilir.
3. Tərəflər arasında razılaşdırılmış hər hansı bir prosedurun və yaxud bu maddənin 2-ci bəndində nəzərdə tutulmuş prosedurların tətbiqi zamanı e`tiraz haqqında ərizə (müraciət) tə`min edilmirsə, e`tirazla müraciət etmiş tərəf e`tirazın rədd edilməsi haqqında qərarı aldığı gündən 30 gün müddətində 6-cı maddədə göstərilmiş məhkəmədən e`tiraz edilmə ilə bağlı qərar qəbul edilməsini xahiş edə bilər; belə qərar qətidir və ondan heç bir şikayət verilə bilməz. Belə xahiş baxılıb müvafiq qərar qəbul edilənə kimi arbitraj məhkəməsi e`tiraz edilmiş arbitr də daxil olmaqla, arbitraj baxışını davam etdirə və arbitraj qərarı qəbul edə bilər.

Maddə 14. Hərəkətsizlik və yaxud hərəkət mümkünsüzlüyü

1. Arbitr öz funksiyalarını yerinə yetirmək iqtidarında deyilsə və yaxud digər səbəblərdən əsassız olaraq uzun müddət fəaliyyət göstərmirsə və ya arbitr özü vəzifəsindən imtina edirsə və yaxud tərəflərin arasında bu barədə razılığı əldə edilibsə, onun mandatına xitam verilir.
Bu əsasların hər hansı biri barəsində fikir ayrılığı yaranarsa, hər bir tərəf 6-cı maddədə göstərilmiş məhkəməyə mandatın xitam verilməsinə aid qərar qəbul edilməsi xahişi ilə müraciət edə bilər; belə qərar qətidir və ondan şikayət verilə bilməz.
2. Bu maddəyə müvafiq olaraq və yaxud 13-cü maddənin 2-ci bəndinə görə arbitr öz vəzifəsindən imtina edərsə və yaxud tərəf onun mandatına xitam verilməsinə razılıq verərsə, belə hal bu maddədə və yaxud 12-ci maddənin 2-ci bəndində göstərilən əsasların təsdiqi kimi qəbul edilməməlidir.

Maddə 15. Yeni arbitrin tə`yin edilməsi

Arbitrin mandatına 13-cü və yaxud 14-cü maddənin əsasında, arbitrin özünün hər hansı səbəbdən vəzifəsindən imtina etməsi nəticəsində, tərəflərin razılaşması əsasında və ya digər hallar əsasında xitam verilirsə, yeni arbitr əvəz edəcəyi arbitrə tətbiq edilmiş qaydalara uyğun olaraq tə`yin edilir.

Fəsil IV. Arbitraj məhkəməsinin səlahiyyəti

Maddə 16. Arbitraj məhkəməsinin öz səlahiyyətləri barəsində qərar çıxarmaq hüququ

1. Arbitraj məhkəməsi öz səlahiyyəti barəsində, o cümlədən arbitraj sazişinin mövcudluğu və yaxud e`tibarlılığı barədə hər bir e`tiraz üzrə özü qərar çıxara bilər.
Bu məqsədlə müqavilənin tərkib hissəsi olan arbitraj qeyd-şərti müqavilənin digər şərtlərindən asılı olmayan razılıq kimi şərh olunmalıdır. Müqavilənin e`tibarsızlığı haqqında arbitraj məhkəməsinin çıxardığı qərar "ipso jure" arbitraj qeyd-şərtinin e`tibarsızlığına səbəb olmur.
2. Arbitraj məhkəməsinin səlahiyyətlərinin olmaması haqqında müraciət iddia üzrə e`tiraz təqdim edilməmişdən əvvəl bildirilməlidir.
Tərəfin arbitr tə`yin etməsi və yaxud arbitr tə`yin edilməsində iştirakı tərəfi belə müraciət etmək hüququndan məhrum etmir. Arbitraj məhkəməsinin öz səlahiyyətini aşması haqqında bəyanat arbitraj baxışının gedişində hər hansı bir məsələnin bu səlahiyyəti aşdığı müəyyən edilən kimi verilir. Belə halların hər birində gecikmiş bəyanatı arbitraj məhkəməsi bu şərtlə qəbul edə bilər ki, gecikmənin səbəbini üzürlü hesab etsin.
3. Arbitraj məhkəməsi bu maddənin 2-ci bəndində göstərilən bəyanata dair ya ilkin xarakterli məsələ üzrə olduğu kimi, yaxud da mübahisənin mahiyyətcə həll edilməsi kimi qərar çıxara bilər.
Əgər arbitraj məhkəməsi ilkin xarakterli məsələ üzrə olduğu kimi qərar çıxarsa ki, o, səlahiyyətlidir, tərəflərdən hər hansı biri bu qərar haqqında xəbərdarlıq aldıqdan sonra 30 gün ərzində 6-cı maddədə göstərilən məhkəmədən xahiş edə bilər ki, bu məsələyə dair qərar qəbul etsin. Belə qərardan şikayət verilə bilməz. Bu cür xahiş həll edilənədək arbitraj məhkəməsi arbitraj baxışını davam etdirə və arbitraj qərarı çıxara bilər.

Maddə 17. Tə`minedici tədbirlərin həyata keçirilməsi sahəsində arbitraj məhkəməsinin səlahiyyətləri

Tərəflər arasında digər razılaşma yoxdursa, arbitraj məhkəməsi hər hansı bir tərəfin xahişi ilə mübahisəli predmetlə bağlı zəruri hesab edərsə, tərəflərin tə`minedici tədbirlərin həyata keçirilməsinə dair göstərişlər verə bilər. Arbitraj məhkəməsi hər hansı tərəfdən belə tədbirlərin tə`min edilməsini tələb edə bilər.

Fəsil V. Arbitraj icraatının aparılması

Maddə 18. Tərəflərə eyni münasibət

Tərəflərə eyni münasibət göstərilməlidir və hər bir tərəfə öz mövqeyini ifadə etməsi üçün hər cür imkan verilməlidir.

Maddə 19. Prosedur qaydalarının müəyyən edilməsi

1. Bu Qanunun müddəalarına əməl etmək şərti ilə tərəflər öz mülahizələri əsasında arbitraj məhkəməsində baxışın aparılması prosedurası haqqında razılığa gələ bilərlər.
2. Belə razılıq olmadıqda, arbitraj məhkəməsi bu Qanunun müddəalarına əməl etməklə lazım bildiyi qaydada arbitraj baxışını apara bilər. Arbitraj məhkəməsinə verilən səlahiyyətlərə hər bir sübutun mümkünlüyünü, aidiyyətini, mahiyyətini və əhəmiyyətini müəyyən etmək səlahiyyətləri də daxildir.

Maddə 20. Arbitrajın yeri

1. Tərəflər öz mülahizələrinə görə arbitrajın yeri haqqında razılığa gələ bilərlər.
Belə razılıq olmadıqda, tərəflər üçün əlverişliliyi və işin mahiyyəti nəzərə alınmaqla arbitrajın yeri arbitraj məhkəməsi tərəfindən müəyyən edilir.
2. Bu maddənin 1-ci bəndinin müddəalarına baxmayaraq, arbitraj məhkəməsi, əgər tərəflər arasında digər razılıq yoxdursa, şahidlərin, ekspertlərin və tərəflərin dinlənilməsi baxımından və yaxud əmtəələrə, digər əmlak və yaxud sənədlərə baxışın keçirilməsi üçün, həmçinin arbitraj məhkəməsi üzvləri arasında məsləhətləşmələr keçirilməsinin əlverişliliyi nəzərə alınmaqla hər hansı bir yerdə öz iclasını keçirə bilər.

Maddə 21. Arbitraj məhkəməsi baxışının başlanması

Tərəflər arasında digər razılıq yoxdursa, konkret mübahisə barədə arbitraj baxışı, həmin mübahisənin arbitraja verilməsi haqqında müraciəti cavabdeh aldığı gündən başlanılır.

Maddə 22. Dil

1. Tərəflər öz mülahizələrinə görə arbitraj baxışının aparılacağı dil və yaxud dillər barəsində razılığa gələ bilərlər. Belə razılıq olmadıqda arbitraj məhkəməsi, arbitraj baxışında istifadə ediləcək dili və yaxud dilləri müəyyən edir. Belə razılıq və yaxud bu barədə məhkəmənin qərarında digər hal nəzərdə tutulmayıbsa, tərəflərin hər hansı bir yazılı müraciətinə, iş üzrə dinləməyə, hər hansı bir arbitraj qərarına və yaxud arbitraj məhkəməsinin digər sənədlərinə aid edilir.
2. Arbitraj məhkəməsi sərəncam verə bilər ki, istənilən sənədli sübutlar tərəflərin razılaşdıqları və ya arbitraj məhkəməsinin tə`yin etdiyi dilə və ya dillərə tərcümə ilə birlikdə təqdim olunsun.

Maddə 23. İddia ərizəsi və iddia üzrə e`tiraz

1. Tərəflərin razılaşdıqları və ya arbitraj məhkəməsinin tə`yin etdiyi vaxt ərzində iddiaçı öz iddia tələbini təsdiq edən cəhətlər haqqında, həll edilməli olan məsələlər haqqında və öz iddia tələblərinin məzmunu haqqında bəyanat verməli, cavabdeh isə bu səbəblər üzrə öz e`tirazlarını bəyan etməlidir, bu şərtlə ki, tərəflər belə bəyanatların zəruri rekvizitləri barəsində digər şərt kəsməmiş olsunlar.
Tərəflər öz bəyanatları ilə birlikdə işə aid olduğunu güman etdikləri bütün sənədləri də təqdim edə bilər, yaxud sonradan təqdim edəcəkləri sənədlərə və ya digər sübutlara istinad edə bilərlər.
2. Əgər tərəflər arasında digər razılıq yoxdursa, arbitraj baxışının gedişində tərəflərin hər hansı biri öz iddia tələblərini və ya iddiaya dair e`tirazlarını dəyişdirə və ya tamamlaya bilər, bir şərtlə ki, arbitraj məhkəməsi yol verilmiş ləngiməni nəzərə almaqla bu cür dəyişikliyə və ya əlavəyə icazə verilməsini qeyri-məqsədəuyğun saymasın.

Maddə 24. Şifahi işəbaxma və yazılı araşdırma

1. Tərəflərin hər hansı digər razılaşmasına riayət etmək şərti ilə arbitraj məhkəməsi sübutların təqdim edilməsi üçün şifahi işəbaxma və ya digər şifahi müzakirələr keçirib-keçirməmək, yaxud yalnız sənədlər və digər materiallar əsasında araşdırma aparıb-aparmamaq haqqında qərar qəbul edir. Lakin tərəflər şifahi işəbaxmanın keçirilməməsi haqqında şərtləşdikləri haldan başqa arbitraj məhkəməsi tərəflərin hər hansı biri xahiş edərsə, araşdırmanın lazımi mərhələsində şifahi işəbaxma keçirməlidir.
2. Arbitraj məhkəməsinin mallara, digər əmlaka və ya sənədlərə baxış keçirmək məqsədi ilə təşkil etdiyi hər hansı şifahi işəbaxma haqqında və ya məhkəmə iclası haqqında tərəflərə kifayət qədər vaxtında xəbərdarlıq göndərilməlidir.
3. Tərəflərdən birinin arbitraj məhkəməsinə təqdim etdiyi bütün ərizələr, sənədlər və ya başqa informasiya digər tərəfə verilməlidir.
Arbitraj məhkəməsinin öz qərarını çıxararkən əsas götürə biləcəyi bütün ekspert rə`yləri və ya sübut xarakterli başqa sənədlər də tərəflərə verilməlidir.

Maddə 25. Sənədlərin təqdim edilməməsi və tərəflərin gəlməməsi

Tərəflərin digər razılaşmaları yoxdursa, üzürlü səbəblər olmadığı hallarda:
a) iddiaçı 23-cü maddənin 1-ci bəndinə müvafiq olaraq öz iddia ərizəsini təqdim etmədikdə, arbitraj məhkəməsi baxışa xitam verir;
b) cavabdeh 23-cü maddənin 1-ci bəndinə uyğun olaraq iddia üzrə e`tirazlarını təqdim etmədikdə, arbitraj məhkəməsi belə halı iddiaçının tələblərinin təsdiqi kimi qəbul etmir və arbitraj baxışını davam etdirir;
c) hər hansı tərəf dinləməyə gəlmədikdə və yaxud sənədləşdirilmiş sübutlar təqdim etmədikdə, arbitraj məhkəməsi baxışı davam etdirə bilər və ona təqdim edilmiş sübutlar əsasında müvafiq qərar çıxara bilər.

Maddə 26. Arbitraj məhkəməsinin tə`yin etdiyi ekspert

1. Tərəflərin arasında digər razılıq yoxdursa, arbitraj məhkəməsi:
a) arbitraj məhkəməsi tərəfindən müəyyən edilən konkret məsələlərə dair ona mə`ruzə edilməsi məqsədilə bir və ya bir neçə ekspert tə`yin edə bilər;
b) tərəflərdən iş üzrə hər hansı mə`lumatı və işə aid olan sənədlərin, malların və digər əmlakın ekspertə təqdim edilməsini və ekspert tərəfindən öyrənilməsi üçün şərait yaratmağı tələb edə bilər.
2. Tərəflər arasında digər razılıq yoxdursa, tərəflərin biri xahiş edərsə və yaxud arbitraj məhkəməsi zəruri sayarsa, ekspert yazılı və ya şifahi rə`yini təqdim etdikdən sonra dinləmədə iştirak edə bilər. Bu halda tərəflərə ona suallar vermək imkanı verilir və mübahisəli məsələlər üzrə ifadə vermək məqsədi ilə tərəflər şahidləri ekspertlərə təqdim edə bilərlər.

Maddə 27. Sübutların əldə edilməsində məhkəmənin köməyi

Arbitraj məhkəməsi və ya tərəf arbitraj məhkəməsinin razılığı ilə 6-cı maddədə göstərilmiş məhkəməyə sübutların əldə edilməsi üçün köməklik barəsində müraciət edə bilər. Məhkəmə sübutların əldə edilməsi qaydalarına uyğun olaraq səlahiyyətləri daxilində bu müraciəti yerinə yetirə bilər.

Fəsil VI. Arbitraj qərarının çıxarılması və icraatın xitamı

Maddə 28. Mübahisənin mahiyyəti üzrə tətbiq edilən normalar

1. Arbitraj məhkəməsi mübahisəni hüququn elə normalarına uyğun həll edir ki, tərəflər bu normaları mübahisənin mahiyyətinə tətbiq edilə bilən normalar kimi seçmiş olsunlar.
Əgər başqa niyyət ifadə etmirsə, hər hansı bir dövlətin hüququnun və ya hüquq sisteminin istənilən göstərişi həmin dövlətin kolliziya normalarına deyil, onun maddi hüququna bilavasitə istiqamətləndirən göstəriş kimi təfsir olunmalıdır.
2. Tərəflərin hər hansı bir göstərişi yoxdursa, arbitraj məhkəməsi tətbiqini mümkün saydığı kolliziya normalarına uyğun müəyyən edilmiş hüququ tətbiq edir.
3. Arbitraj məhkəməsi "ex aequo et bono" və yaxud "barışıq vasitəçiliyi" qərarını yalnız tərəflər ona belə səlahiyyətlər verdiyi halda qəbul edir.
4. Bütün hallarda arbitraj məhkəməsi müqavilə şərtlərinə uyğun olaraq və bu əqdlərə tətbiq edilən ticarət adətlərini nəzərə almaqla qərar qəbul edir.

Maddə 29. Arbitrlər kollegiyasının qərar çıxarması

Tərəflər arasında digər razılaşma yoxdursa, arbitraj baxışında birdən artıq arbitr olduqda arbitraj məhkəməsinin hər hansı bir qərarı arbitraj məhkəməsinin üzvlərinin səs çoxluğu ilə çıxarılmalıdır.
Lakin tərəflər və ya arbitraj məhkəməsinin bütün üzvləri sədrlik edən arbitrə belə səlahiyyət vermişlərsə, prosedur məsələlərini təkbaşına həll edə bilər.

Maddə 30. Barışıq sazişi

1. Arbitraj baxışının gedişində tərəflər mübahisəni aradan qaldırarlarsa, arbitraj məhkəməsi baxışa xitam verir və tərəflərin xahişi əsasında və öz tərəfindən e`tirazı olmadıqda razılaşdırılmış şərtlər əsasında arbitraj qərarı formasında mübahisənin aradan qalxmasını rəsmiləşdirir.
2. Razılaşdırılmış şərtlərlə arbitraj qərarı 31-ci maddənin müddəalarına uyğun olaraq çıxarılmalıdır və onun arbitraj qərarı olduğunu göstərməlidir.
Belə arbitraj qərarı, digər hər hansı arbitraj qərarı ilə bərabər hüquqi qüvvəli sayılır və mübahisənin mahiyyəti üzrə olan digər hər hansı arbitraj qərarı kimi icra olunmalıdır.

Maddə 31. Arbitraj qərarının forma və məzmunu

1. Arbitraj qərarı yazılı formada çıxarılmalı və arbitr və yaxud arbitrlər tərəfindən imzalanmalıdır. Birdən artıq arbitr olduğu arbitraj icraatında həmin qərara arbitraj məhkəməsi üzvlərinin çoxu imza etməli, digər imzaların olmaması səbəbləri göstərilməlidir.
2. Əsaslandırılmanın göstərilməməsi haqqında tərəflərin razılığa gəldiyi hallar istisna olmaqla və yaxud 30-cu maddəyə uyğun olaraq tərəflərin razılaşdırdıqları şərtlərlə müvafiq qərarın qəbul edildiyi hallar istisna olmaqla, arbitraj qərarında onun əsaslandığı motivlər göstərilməlidir.
3. Arbitraj qərarında onun tarixi və 20-ci maddənin 1-ci bəndinə müvafiq surətdə müəyyən edilmiş arbitrajın olduğu yer göstərilməlidir. Arbitraj qərarı həmin yerdə çıxarılmış sayılır.

4. Arbitraj qərarı çıxarıldıqdan sonra onun bu maddənin 1-ci bəndinə müvafiq surətdə imzalanmış surətləri hər bir tərəfə verilməlidir.

Maddə 32. İcraata xitam verilməsi

1. Arbitraj baxışına arbitraj məhkəməsinin çıxardığı qəti qərarı ilə və yaxud bu maddənin 2-ci bəndinə müvafiq surətdə qəbul olunmuş qərarla xitam verilir.
2. Arbitraj məhkəməsi aşağıdakı hallarda arbitraj baxışına xitam verilməsi haqqında qərar çıxarır:
a) iddiaçı öz tələbindən imtina edir (cavabdeh baxışa xitam verilməsinə e`tiraz etmirsə və arbitraj məhkəməsi mübahisənin qəti aradan qalxmasında cavabdehin qanuni mənafeyini tanımırsa);
b) tərəflər baxışa xitam verilməsi haqqında razılığa gəlirlər;
c) arbitraj məhkəməsi baxışın davam etdirilməsini hər hansı səbəbdən mümkünsüz və lazımsız sayır.
3. 33-cü maddədə və 34-cü maddənin 3-cü bəndində göstərilmiş hallar istisna olmaqla, arbitraj baxışına xitam verilməsi ilə eyni zamanda arbitraj məhkəməsinin mandatına xitam verilir.

Maddə 33. Qərarın izah edilməsi, qərarda düzəlişlər edilməsi; əlavə qərar çıxarılması

1. Tərəflər arasında müddətlər barəsində digər razılıq yoxdursa, qərarın alınmasından 30 gün müddətində:
a) tərəflərdən biri digər tərəfi xəbərdar etməklə arbitraj məhkəməsindən qərarda yol verilmiş yazı xətalarını və hesab səhvlərinin düzəldilməsinin, həmçinin çap və yaxud yol verilmiş digər bu cür qüsurların aradan qaldırılmasını xahiş edə bilər;
b) tərəflər arasında əldə olunmuş müvafiq razılaşma əsasında hər hansı bir tərəf digər tərəfi bu haqda xəbərdar etməklə arbitraj məhkəməsindən qərarın müvafiq hissəsinin və yaxud hər hansı konkret bəndinin izah edilməsini xahiş edə bilər.
Arbitraj məhkəməsi belə müraciəti əsaslı hesab edərsə, onu aldığı gündən 30 gün müddətində müvafiq düzəliş etməli və yaxud izahat verməlidir.
Belə izahat arbitraj qərarının tərkib hissəsi hesab edilir.
2. Arbitraj məhkəməsi öz təşəbbüsü ilə qərarın verildiyi gündən 30 gün müddətində bu maddənin 1(a) bəndində göstərilən hər hansı qüsuru aradan qaldıra bilər.
3. Tərəflər arasında digər razılıq yoxdursa, tərəflərdən biri bu barədə digər tərəfi xəbərdar etməklə arbitraj baxışının gedişində qaldırılmış, lakin arbitraj qərarında öz əksini tapmamış tələblər barəsində arbitraj məhkəməsindən əlavə qərar çıxarılmasını xahiş edə bilər.
Arbitraj məhkəməsi xahişi haqlı və əsaslı hesab edərsə, 60 gün müddətində əlavə qərar çıxarmalıdır.
4. Arbitraj məhkəməsi zəruri olarsa, əlavə qərar çıxarılması, qərarda düzəlişlər edilməsi və yaxud müvafiq izahat verilməsi müddətini artıra bilər.
5. Arbitraj qərarlarında düzəlişlər aparılması, onun izah edilməsi və yaxud əlavə qərar çıxarılması münasibətdə 31-ci maddənin müddəaları tətbiq edilir.

Fəsil VII. Arbitraj qərarından şikayət verilməsi

Maddə 34. Arbitraj qərarının ləğvi haqqında vəsatət verilməsi

1. Arbitraj məhkəməsinin qərarından şikayət verilməsi yalnız həmin qərarın ləğv edilməsi haqqında bu maddənin 2 və 3-cü bəndlərinə uyğun surətdə vəsatət verilməsi yolu ilə həyata keçirilə bilər.
2. Arbitraj qərarı 6-cı maddədə göstərilmiş məhkəmə tərəfindən aşağıdakı hallarda ləğv edilə bilər:
a) əgər vəsatət qaldıran tərəf sübutlar təqdim etsə ki:
i) 7-ci maddədə göstərilən arbitraj sazişinin tərəflərindən biri bu və ya digər dərəcədə fəaliyyət qabiliyyəti olmayan olmuşdur və yaxud arbitraj sazişi tərəflərin onu tabe etdirdikləri qanuna görə, sazişdə bu barədə göstəriş olmadıqda isə Azərbaycan Respublikasının qanunvericiliyinə görə e`tibarsızdır; və yaxud
ii) arbitrin tə`yin edilməsi və yaxud arbitraj baxışı haqqında lazımi qaydada xəbərdar edilməmiş və yaxud başqa səbəblərdən öz izahatlarını təqdim edə bilməmişdir; yaxud
iii) qərar arbitraj sazişində nəzərdə tutulmayan və ya onun şərtlərinə aid olmayan mübahisə üzrə çıxarılmışdır; yaxud qərar arbitraj sazişinin bəndlərindən kənara çıxan məsələləri əhatə edir (belə halda arbitraj sazişinin predmetinə aid olmayan məsələləri əhatə edən arbitraj qərarının müvafiq hissələri ləğv edilə bilər); və yaxud
iv) arbitraj məhkəməsinin tərkibi və ya arbitraj prosedurası tərəflərin bağladıqları sazişə uyğun olmamışdır (belə saziş tərəflərin yerinə yetirməyə məcbur olduqları bu Qanunun müddəalarına zidd olmasa) və yaxud tərəflər belə sazişi bağlamadıqları halda, arbitraj məhkəməsinin tərkibi və yaxud arbitraj prosedurası bu Qanuna uyğun olmamışdır; və yaxud
b) əgər məhkəmə müəyyən etsə ki:
i) Azərbaycan Respublikasının qanunvericiliyinə görə mübahisə obyekti arbitraj baxışının predmeti ola bilməz; və yaxud
ii) arbitraj qərarı Azərbaycan Respublikasının qanunvericiliyinə ziddir.
3. Qərarın ləğv edilməsi haqqında vəsatət, vəsatəti verən tərəfin arbitraj qərarını aldığı gündən başlayaraq 3 aydan gec qaldırıla bilməz, müraciət 33-cü maddəyə uyğun verilmişdirsə-arbitraj məhkəməsi tərəfindən bu müraciətlə bağlı qərar çıxarıldığı gündən başlayaraq 3 aydan gec vəsatət verilə bilməz.
Arbitraj qərarını ləğv etmək xahişi ilə müraciət olunduğu halda məhkəmə, əgər lazım bilərsə və əgər tərəflərdən biri xahiş edərsə, arbitraj məhkəməsinə arbitraj baxışını bərpa etmək və ya arbitraj məhkəməsinin fikrincə, arbitraj məhkəməsinin qərarının ləğv edilməsi üçün əsasları aradan götürməyə imkan verən digər hərəkətlərə əl atmaq imkanı vermək üçün ləğvetmə məsələsi üzrə icraatı özünün müəyyən etdiyi müddətə dayandıra bilər.

Fəsil VIII. Arbitraj qərarlarının tanınması və icra edilməsi

Maddə 35. Tanınma və icra edilmə

1. Hansı ölkədə çıxarılmasından asılı olmayaraq, arbitraj qərarının icrası məcburidir və səlahiyyətli məhkəməyə yazılı vəsatət verildikdə bu maddənin və 36-cı maddənin müddəaları nəzərə alınmaqla icra edilir.
2. Arbitraj qərarına əsaslanan və yaxud onun icra edilməyinə dair vəsatət verən tərəf arbitraj qərarının təsdiq edilmiş nüsxəsini və ya belə nüsxənin lazımi qaydada təsdiq edilmiş surətini, həmçinin 7-ci maddədə göstərilmiş arbitraj sazişinin əslini və ya onun lazımi qaydada təsdiq edilmiş surətini təqdim etməlidir.
Əgər arbitraj qərarı və ya arbitraj sazişi xarici dildədirsə, tərəf bu sənədlərin lazımi qaydada təsdiq olunmuş Azərbaycan dilinə tərcüməsini təqdim etməlidir.

Maddə 36. Tanınmaqdan və ya icradan imtina edilməsi üçün əsaslar

1. Arbitraj qərarının hansı ölkədə çıxarılmasından asılı olmayaraq onun tanınmasından və ya icra edilməsindən, yalnız aşağıdakı hallarda imtina edilə bilər:
a) zərərinə qərar çıxarılmış tərəf tanınma və ya icra haqqında ərizəyə baxan məhkəməyə aşağıdakı sübutları təqdim etsə ki:
i) 7-ci maddədə göstərilən arbitraj sazişinin tərəflərindən biri bu və ya digər dərəcədə fəaliyyət qabiliyyəti olmayan olmuşdur və yaxud arbitraj sazişi tərəflərin onu tabe etdirdikləri qanuna görə, sazişdə belə göstəriş olmadıqda isə qərarın çıxarıldığı dövlətin qanununa əsasən e`tibarsızdır; və yaxud
ii) zərərinə qərar çıxarılmış tərəf, arbitrin tə`yin edilməsi və ya arbitraj baxışı haqqında lazımi qaydada xəbərdar olunmamış və ya başqa səbəblərdən öz izahatını təqdim edə bilməmişdir; yaxud
iii) qərar arbitraj sazişində nəzərdə tutulmayan və ya arbitraj sazişinin şərtlərinə aid olmayan mübahisə üzrə çıxarılmışdır və yaxud qərar arbitraj sazişinin hədlərindən kənara çıxan məsələləri əhatə edir, arbitraj sazişi ilə əhatə edilən məsələlərə aid olan arbitraj qərarının həmin hissəsi bu qərardan ayrılmaqla tanına və ya icraya yönəldilə bilər; yaxud
iv) arbitraj məhkəməsinin tərkibi və ya arbitraj proseduru tərəflərin arbitraj sazişinə uyğun olmamışdır və yaxud belə saziş olmayıbsa arbitrajın keçirildiyi dövlətin qanununa uyğun gəlməmişdir; və yaxud
v) qərar tərəflər üçün hələ qəti olmamışdır və yaxud qərarın çıxarıldığı dövlətin qanununa uyğun olaraq məhkəmə tərəfindən ləğv edilmiş və yaxud icrası dayandırılmışdır; yaxud
b) məhkəmə müəyyən edərsə ki:
i) mübahisəli obyekt həmin dövlətin qanununa görə arbitraj baxışının predmeti ola bilməz; və yaxud
ii) bu arbitraj qərarının tanınması və icrası Azərbaycan Respublikasının qanunvericiliyinə ziddir.
2. Arbitraj məhkəməsinin qərarını tanıyan və icraya yönəldən səlahiyyətli məhkəmədə arbitraj qərarının icrasının xitamı və yaxud dayandırılması haqqında vəsatət verilmişdirsə, qərarın tanınması və ya icra edilməsi tələb olunan məhkəmə bunu lazım bilərsə, öz qərarının çıxarılmasını tə`xirə sala bilər və arbitraj qərarının tanınmasını və ya icrasını xahiş edən tərəfin vəsatəti ilə digər tərəfi qərarı lazımi qaydada tə`min etməyə məcbur edə bilər.

Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 18 noyabr 1999-cu il.
№ 757-IQ.
"Azərbaycan" qəzetində dərc edilmişdir (15 fevral 2000-ci il, № 35).

AZERBAIJAN INTERNATIONAL CONSULTING COMPANY



Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi




Bakı Mediasiya və Barışıq Xidməti





Azərbaycan Münsiflər Məhkəməsi


LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU