Azerbaijan Arbitration and Mediation Center - # MDB DÖVLƏTLƏRİNİN KONVENSİYASI №1
  
Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland


Hüquqi İslahatlara
Yardım Mərkəzi

# MDB DÖVLƏTLƏRİNİN KONVENSİYASI №1
«MÜLKI, AILƏ VƏ CINAYƏT IŞLƏRI ÜZRƏ HÜQUQI YARDIM VƏ HÜQUQI MÜNASIBƏTLƏR HAQQINDA»
KONVENSIYANIN TƏSDIQ EDILMƏSI BARƏDƏ AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU


Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. 2002-ci il oktyabrın 7-də Kişinyov şəhərində Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Respublikası tərəfindən xüsusi rəy ilə imzalanmış «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» Konvensiya təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 13 yanvar 2004-cü il

№ 581-IIQ.
«Azərbaycan» qəzetində dərc edilmişdir (6 mart 2004-cü il, № 55) («VES Consultancy» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2004-cü il, № 3, maddə 126) («VES Consultancy» LLC).


***
Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında
Konvensiya


Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlər — bu Konvensiyanın iştirakçıları (bundan sonra Razılığa gələn Tərəflər adlanacaq)
Razılığa gələn hər bir Tərəfin vətəndaşlarına və onun ərazisində yaşayan digər şəxslərə Razılığa gələn bütün Tərəflərin ərazilərində, onların şəxsi, əmlak və qeyri-əmlak hüquqlarının etibarlı hüquqi müdafiəsinin təmin edilməsi istəyindən irəli gələrək,
ədliyyə müəssisələri tərəfindən mülki, ailə və cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin mühüm əhəmiyyətini vurğulayaraq,
aşağıdakılar barədə Razılığa gəldilər:

I Bölmə. Ümumi müddəalar
I Hissə. Hüquqi müdafiə
Maddə 1. Hüquqi yardımın göstərilməsi

1. Razılığa gələn hər bir Tərəfin vətəndaşları, habelə onun ərazisində yaşayan digər şəxslər Razılığa gələn bütün digər Tərəflərin ərazilərində, Razılığa gələn həmin Tərəfin öz vətəndaşlarının istifadə etdiyi həcmdə öz şəxsi, əmlak və qeyri-əmlak hüquqlarının hüquqi müdafiəsindən istifadə edirlər.
2. Razılığa gələn hər bir Tərəfin vətəndaşları, habelə onun ərazisində yaşayan digər şəxslər Razılığa gələn bütün digər Tərəflərin səlahiyyətinə mülki, ailə və cinayət işlərinin aid olduğu məhkəmələrinə, prokurorluq, daxili işlər və təhlükəsizlik orqanlarına (bundan sonra — ədliyyə müəssisələri) azad və maneəsiz müraciət etmək hüququna malikdirlər, onlar həmin orqanlarda çıxış edə, vəsatətlər verə, iddialar qaldıra bilər və Razılığa gələn həmin Tərəfin vətəndaşlarının həyata keçirdiyi şərtlərlə digər prosessual hərəkətləri həyata keçirə bilərlər.
3. Bu Konvensiyada istifadə edilən «mülki işlər» anlayışına, həmçinin iqtisadi mübahisələrin həll edilməsinə aid olan işlər də daxildir.
4. Bu Konvensiyanın müddəaları eyni zamanda hüquqi şəxslərə də tətbiq edilir.
Maddə 2. Rüsumların və məsrəflərin ödənilməsindən azad olunma
1. Razılığa gələn hər bir Tərəfin vətəndaşları və onun ərazisində yaşayan digər şəxslər Razılığa gələn bütün digər Tərəflərin ərazilərində, onların vətəndaşlarının istifadə etdiyi şərtlərlə, məhkəmə və notarial rüsum və məsrəflərin ödənilməsindən azad olunurlar, habelə pulsuz hüquqi yardımdan istifadə edirlər.
2. Bu maddənin 1-ci bəndində nəzərdə tutulan güzəştlər, mülki, ailə və cinayət işləri üzrə həyata keçirilən bütün prosessual hərəkətlərə, o cümlədən qərarın və ya hökmün icra edilməsinə tətbiq edilir.
Maddə 3. Ailə və əmlak vəziyyəti haqqında sənədin təqdim edilməsi
1. Bu Konvensiyanın 2-ci maddəsində nəzərdə tutulan güzəştlər, vəsatəti verən şəxsin təqdim etdiyi ailə və əmlak vəziyyəti haqqında sənəd əsasında verilir. Bu sənəd ərizəçinin, ərazisində daimi yaşayış yeri olduğu Razılığa gələn Tərəfin səlahiyyətli müəssisəsi Tərəfindən verilir.
2. Əgər ərizəçinin Razılığa gələn Tərəfin ərazisində daimi yaşayış yeri yoxdursa, onda həmin ərizəçinin vətəndaşlığı məxsus olan Razılığa gələn Tərəfin müvafiq diplomatik nümayəndəliyi və ya konsulluq idarəsi tərəfindən verilən sənədin təqdim edilməsi kifayətdir.
3. Güzəştlərin verilməsi haqqında vəsatət üzrə qərar çıxarmış idarə, həmin sənədi vermiş idarədən əlavə məlumat və lazımi izahatların təqdim edilməsini tələb edə bilər.
II Hissə. Hüquqi yardım
Maddə 4. Hüquqi yardımın göstərilməsi
1. Razılığa gələn Tərəflərin ədliyyə müəssisələri mülki, ailə və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardımı bu Konvensiyanın müddəalarına uyğun olaraq göstərirlər.
2. Razılığa gələn Tərəflərin ədliyyə müəssisələri, bu maddənin 1-ci bəndində göstərilən işlər üzrə hüquqi yardımı Razılığa gələn Tərəflərin digər müəssisələrinə də göstərirlər.
3. Hüquqi yardım, sorğu edən Razılığa gələn Tərəfin ədliyyə müəssisəsinin sorğu alan Razılığa gələn Tərəfin ədliyyə müəssisəsinə göndərdiyi tapşırıqlar və bu Konvensiyada nəzərdə tutulan digər müraciətlər əsasında həyata keçirilir.
Maddə 5. Ünsiyyət qaydası
1. Hüquqi yardımın göstərilməsi zamanı Razılığa gələn Tərəflərin ədliyyə müəssisələri bir-biri ilə əlaqələri, əgər bu Konvensiyada digər ünsiyyət qaydaları nəzərdə tutulmamışdırsa, öz mərkəzi, ərazi və digər orqanları vasitəsilə həyata keçirirlər. Razılığa gələn Tərəflər, bilavasitə əlaqələrin həyata keçirilməsinə səlahiyyəti olan öz mərkəzi, ərazi və digər orqanlarının siyahısını müəyyən edirlər və öz ratifikasiya fərmanlarını və ya qoşulma haqqında sənədlərini saxlanca verən zaman bu barədə depozitarini məlumatlandırırlar.
Razılığa gələn Tərəflər mərkəzi, ərazi və digər orqanlarının siyahısında hər hansı bir dəyişiklik haqqında depozitarini məlumatlandırırlar.
2. Prokurorun (məhkəmənin) sanksiyasını tələb edən prosessual hərəkətlərin və axtarış tədbirlərinin keçirilməsi haqqında tapşırıqların icra edilməsi məsələləri üzrə əlaqələr prokurorluq orqanları vasitəsilə həyata keçirilir.
Maddə 6. Hüquqi yardımın həcmi
Razılığa gələn Tərəflər qarşılıqlı hüquqi yardımı sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulan prosessual və digər hərəkətlərin yerinə yetirilməsi, xüsusilə də sənədlərin tərtib edilməsi, onların öz sahibinə ötürülməsi və təqdim edilməsi, baxışın, axtarışın, götürmənin həyata keçirilməsi, maddi sübutların ötürülməsi, ekspertizanın keçirilməsi, tərəflərin, üçüncü şəxslərin, şübhəli şəxslərin, təqsirləndirilənlərin, zərərçəkmişlərin, şahidlərin, mülki iddiaçıların, mülki cavabdehlərin, onların nümayəndələrinin, müqəssirlərin qanuni nümayəndələrinin, ekspertlərin dindirilməsi, tanınmaya təqdimetmə, o cümlədən videorabitə, videoçəkiliş və digər texniki vasitələrdən istifadə etməklə şəxslərin axtarışı, istintaqı aparılan cinayət işində əməliyyat-axtarış tədbirlərinin, cinayət təqibinin həyata keçirilməsi, cinayət məsuliyyətinə cəlb etmək və ya hökmün icrasını təmin etmək üçün şəxslərin verilməsi, cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və əmlakın, habelə cinayətdən əldə edilən gəlirlərin axtarışı və həbsi (götürülməsi), mülki işlər, kommersiya və digər mübahisələr üzrə qərarların icra edilməsi üçün mülki cavabdehlərin əmlak və pul vəsaitlərinin axtarışı, icra qeydlərinin, mülki işlər və hökmlər üzrə məhkəmə qərarlarının tanınması və icrası yolu ilə həyata keçirirlər.
Razılığa gələn Tərəflər qarşılıqlı hüquqi yardımı, eyni zamanda, ədalət mühakiməsindən və ümumilikdə cəmiyyətin maraqlarından və işin hallarından irəli gələn və Razılığa gələn Tərəflərin daxili qanunvericiliyinə uyğun olan digər qayda və üsullarla həyata keçirə bilərlər.
Maddə 7. Hüquqi yardımın göstərilməsi haqqında tapşırığın məzmunu və forması
1. Hüquqi yardımın göstərilməsi haqqında tapşırıqda aşağıdakılar əks etdirilməlidir:
a) sorğu edən Razılığa gələn Tərəfin ədliyyə müəssisəsinin adı;
b) sorğu alan Razılığa gələn Tərəfin ədliyyə müəssisəsinin adı;
v) barəsində hüquqi yardımın göstərilməsi haqqında sorğu verilən işin nömrəsi və adı;
q) fiziki şəxs haqqında məlumat: soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, yaşayış yeri, vətəndaşlığı, fəaliyyət növü; hüquqi şəxs haqqında: adı, hüquqi ünvanı və ya yeri, bank rekvizitləri və fiskal kodları;
d) (q) yarımbəndində göstərilən şəxslərin nümayəndələri olduqda, onların adları, soyadları, atalarının adları və ünvanları haqqında məlumat;
e) göstərişin daxil olmasının və onun icrası zamanı əldə edilmiş məlumatın məxfiliyini təmin etmək zərurəti;
j) tapşırığın məzmunu, habelə onun icrası üçün zəruri olan digər məlumatlar.
2. Sənədin təqdim edilməsi haqqında tapşırıqda, həmçinin alanın dəqiq ünvanı və təqdim edilən sənədin adı göstərilməlidir.
3. Tapşırıq işin icraatını aparan şəxs Tərəfindən imzalanmalı və sorğu edən Razılığa gələn Tərəfin ədliyyə müəssisəsinin gerbli möhürü ilə təsdiqlənməlidir. Tapşırıqda eyni zamanda əlaqə telefonları və digər rabitə kanalları göstərilir.
4. Bu maddənin 1 — 3-cü bəndlərinin tələblərinə uyğun olaraq tərtib edilmiş, hüquqi yardımın göstərilməsi haqqında tapşırıq, bu Konvensiyanın 5-ci maddəsinin müddəalarına riayət etməklə, sorğu edən Razılığa gələn Tərəfin ədliyyə müəssisəsinin rəhbəri tərəfindən sorğu alan Razılığa gələn Tərəfin ədliyyə müəssisəsinə göndərilir.
5. Təxirəsalınmaz hallarda, bu maddədə müəyyən edilmiş qaydalara uyğun olaraq hüquqi yardım haqqında tərtib edilmiş tapşırıq faksimil rabitə, habelə digər kommunikasiya vasitələrindən istifadə edilməsi ilə göndərilə bilər. Eyni zamanda tapşırığın əsli poçt və ya qasidin köməyi ilə göndərilməlidir.
Maddə 8. Hüquqi yardım göstərilməsi haqqında tapşırığın icra edilməsi qaydası
1. Hüquqi yardım göstərilməsi haqqında tapşırığın icrası zamanı sorğu alan Razılığa gələn Tərəfin ədliyyə müəssisəsi öz Razılığa gələn Tərəfinin qanunvericiliyini tətbiq edir. Sorğu edən Razılığa gələn Tərəfin ədliyyə müəssisəsinin xahişinə əsasən o, əgər bu, sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyinə zidd deyilsə, sorğu edən Razılığa gələn Tərəfin prosessual normalarını tətbiq edə bilər. Belə olduğu təqdirdə, sorğu edən Razılığa gələn Tərəf prosessual qanunun mətnini təqdim etməlidir.
2. Əgər sorğu alan Razılığa gələn Tərəfin ədliyyə müəssisəsi tapşırığın yerinə yetirilməsinə səlahiyyətli deyilsə, onda o, beş gün ərzində tapşırığı səlahiyyətli ədliyyə müəssisəsinə ötürür və bu barədə sorğu edən Razılığa gələn Tərəfin ədliyyə müəssisəsini məlumatlandırır.
3. Sorğu edən Razılığa gələn Tərəfin ədliyyə müəssisəsinin xahişi ilə sorğu alan Razılığa gələn Tərəfin ədliyyə müəssisəsi vaxtlı-vaxtında tapşırığın icrasının yeri və vaxtı barədə bu məqsədlə ona məlumat verir ki, onun səlahiyyətli nümayəndələri sorğu alan Razılığa gələn Tərəfin ədliyyə müəssisəsinin icazəsi ilə və onun qanunvericiliyinə uyğun olaraq tapşırığın icrası zamanı, habelə bu, sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyinə zidd deyilsə, prosessual hərəkətlərin və axtarış tədbirlərinin yerinə yetirilməsi zamanı iştirak edə bilsinlər.
4. Tapşırıqda göstərilən şəxsin dəqiq ünvanı məlum olmadığı təqdirdə, sorğu alan Razılığa gələn Tərəfin ədliyyə müəssisəsi onun dəqiq ünvanını (olduğu yeri) müəyyən etmək üçün zəruri tədbirlər görür.
5. Tapşırığın yerinə yetirilməsindən sonra sorğu alan Razılığa gələn Tərəfin ədliyyə müəssisəsi alınan sənəd, predmet və materialları, əgər bu Konvensiyada digər qayda nəzərdə tutulmayıbsa, sorğu edən Razılığa gələn Tərəfin ədliyyə müəssisəsinə göndərir. Hüquqi yardım göstərilə bilinmədiyi təqdirdə, sorğu edən Razılığa gələn Tərəfin ədliyyə müəssisəsi tapşırığın icra edilməsinə mane olan hallar haqqında məlumatlandırılır.
Maddə 9. Zərərçəkmişlərin, mülki iddiaçıların, mülki cavabdehlərin, onların nümayəndələrinin, şahidlərin, ekspertlərin və digər şəxslərin çağırılması
1. Sorğu alan Razılığa gələn Tərəfin ədliyyə müəssisəsinin çağırışına əsasən sorğu edən Razılığa gələn Tərəfin ədliyyə müəssisəsinə gələn zərərçəkmiş, mülki iddiaçı, mülki cavabdeh və onların nümayəndələri, habelə şahid, ekspert və ya digər şəxs, vətəndaşlığından asılı olmayaraq, onun dövlət sərhədini keçənə qədər törətdiyi cinayətə görə, onun ərazisində cinayət məsuliyyətinə cəlb edilə bilməz, həbsə alına və cəzalandırmaya məruz qala bilməz. Həmçinin bu cür şəxslər, onların şahid ifadələri və ya araşdırmanın predmeti olan iş üzrə ekspert qismində verilən rəylərlə əlaqədar cinayət məsuliyyətinə cəlb edilə bilməz, həbsə və cəzalandırmaya məruz qala bilməz.
Onların cinayət məsuliyyəti haqqında məsələsi bu Konvensiyanın IV hissəsinin müddəalarına uyğun olaraq həll edilir.
2. Çağırılmış şəxs sorğu edən Razılığa gələn Tərəfin ədliyyə müəssisəsi tərəfindən, onun ərazisində qalmasına artıq zərurət olmadığı barədə məlumat aldığı tarixdən etibarən 15 sutka ərzində buna imkanı ola-ola sorğu edən Razılığa gələn Tərəfin ərazisini tərk etməzsə, o, bu cür immuniteti itirir. Həmin şəxsin özündən asılı olmayaraq, sorğu alan Razılığa gələn Tərəfin ərazisini tərk edə bilmədiyi müddət bu müddətə hesablanmır.
3. Sorğu edən Razılığa gələn Tərəf bu maddənin 1-ci bəndində göstərilən çağırılmış şəxsə yol xərclərini, habelə onun ərazisində müvəqqəti qalmaqla və işdən ayrıldığı hər gün üçün əmək haqqının alınmaması ilə əlaqədar xərcləri ödəyir; eyni zamanda ekspertlər də ekspertizanın keçirilməsinə görə mükafat almalıdırlar. Çağırışda çağırılan şəxslərin hansı məbləği almaq hüququnun olması göstərilməlidir; onların vəsatətinə əsasən sorğu edən Razılığa gələn Tərəfin ədliyyə müəssisəsi müvafiq xərclərin ödənilməsi üçün avans ödəyir.
4. Bu maddənin 1-ci bəndində göstərilən və Razılığa gələn bir Tərəfin ərazisində yaşayan şəxsin Razılığa gələn digər Tərəfin ədliyyə müəssisəsinə gəlməsi haqqında çağırışda həmin şəxsin gəlməyəcəyi təqdirdə, məcburi gətirilmə haqqında hədələr olmamalıdır.
Maddə 10. Ekspert təhqiqatlarının aparılmasının təşkili
1. Razılığa gələn Tərəflərin ədliyyə müəssisələri Razılığa gələn Tərəflərin xüsusi ekspertiza, elmi tədqiqat və digər səlahiyyətli müəssisələrində mülki, ailə və cinayət işləri üzrə ekspertizaların təşkilində və keçirilməsində qarşılıqlı hüquqi yardım göstərirlər.
2. Bu cür ekspertizaların təşkili və keçirilməsi zamanı Razılığa gələn Tərəflərin ədliyyə müəssisələri daxili qanunvericiliyi rəhbər tuturlar. Sorğu alan Razılığa gələn Tərəfdə həmin Razılığa gələn Tərəfin qanunvericiliyinə uyğun olaraq verilən ekspert rəyləri sorğu edən Razılığa gələn Tərəfdə də eyni hüquqi qüvvəyə malikdir və həmin Razılığa gələn Tərəfin ədliyyə müəssisəsi tərəfindən hər hansı bir xüsusi təsdiqləmə etmədən qəbul edilir.
Maddə 11. Sənədlərin təqdim edilməsi
1. Sorğu alan Razılığa gələn Tərəfin ədliyyə müəssisəsi sənədlərin verilməsini, əgər təqdim edilən sənədlər bu Razılığa gələn Tərəfin dilində və ya rus dilində tərtib edilmişdirsə, yaxud da bu dillərə təsdiqlənmiş tərcümə ilə təmin edilmişdirsə, həmin Razılığa gələn Tərəfdə mövcud olan qaydaya uyğun olaraq həyata keçirir. Əks təqdirdə, əgər o, könüllü şəkildə onu qəbul etməyə razı deyilsə, onda o, sənədləri alana ötürür.
2. Əgər sənədlər tapşırıqda göstərilən ünvana çatdırıla bilmirsə, onda sorğu alan Razılığa gələn Tərəfin ədliyyə müəssisəsi ünvanın müəyyən edilməsi üçün öz təşəbbüsü ilə zəruri tədbirlər görür. Əgər alanın ünvanını müəyyən etmək mümkün olmazsa, onda sorğu alan Razılığa gələn Tərəfin ədliyyə müəssisəsi bu barədə sorğu edən Razılığa gələn Tərəfin ədliyyə müəssisəsini məlumatlandırır və veriləsi sənədləri ona qaytarır.
3. Sənədlərin verilməsi, sənədi alan şəxs Tərəfindən imzalanmış və sorğu alan Razılığa gələn Tərəfin ədliyyə müəssisəsinin gerbli möhürü ilə möhürlənmiş, verilmə tarixini və sənədi verən müəssisənin işçisinin imzasını əks etdirən təsdiqnamə və ya həmin müəssisə tərəfindən verilən və özündə verilmə üsulunu, yerini və tarixini əks etdirən digər sənədlə təsdiqlənməlidir. Ünvan sahibi sənədin alınmasını və ya təsdiqnamənin imzalanmasını rədd etdiyi təqdirdə, sorğu alan Razılığa gələn Tərəfin ədliyyə müəssisəsi bu barədə sorğu edən Razılığa gələn Tərəfin ədliyyə müəssisəsini məlumatlandırır.
Maddə 12. Sənədlərin etibarlılığı
1. Razılığa gələn Tərəflərdən birinin ərazisində gerbli möhürlə möhürlənmiş və müəyyən edilmiş qaydada səlahiyyətli müəssisə, yaxud da öz səlahiyyəti çərçivəsində, buna xüsusi səlahiyyəti olan şəxs tərəfindən verilən və ya təsdiqlənən sənədlər, Razılığa gələn bütün digər Tərəflərin ərazilərində hər hansı bir təsdiqləmə aparmadan qəbul edilir.
2. Razılığa gələn Tərəflərdən birinin ərazisində rəsmi sənəd kimi baxılan sənədlər, Razılığa gələn digər Tərəflərin ərazilərində resmi sənəd kimi sübutedici qüvvəyə malikdir.
Maddə 13. Vətəndaşlıq vəziyyəti haqqında sənədlərin və digər sənədlərin ötürülməsi
1. Razılığa gələn Tərəflər vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında sənədlərin bilavasitə Razılığa gələn Tərəflərin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üzrə orqanlar vasitəsilə və sənədlərin ötürülməsi haqqında vətəndaşları məlumatlandırmaqla, sorğu əsasında bir-birinə tərcüməsiz və pulsuz ötürülməsi öhdəliyini öz üzərlərinə götürürlər.
2. Razılığa gələn Tərəflər sorğu alan Razılığa gələn Tərəfin vətəndaşlarının və onun ərazisində yaşayan digər şəxslərin təhsili, əmək stajı haqqında sənədlərin və onların şəxsi, əmlak və qeyri-əmlak hüquq və maraqlarına aid olan digər sənədlərin sorğu əsasında bir-birinə tərcüməsiz və pulsuz ötürülməsi öhdəliyini öz üzərlərinə götürürlər.
Maddə 14. Diplomatik nümayəndəliklərin və konsulluq idarələrinin səlahiyyətləri
Razılığa gələn Tərəflərin diplomatik nümayəndəlikləri və konsulluq idarələri, məhkəmə və məhkəməyə aid olmayan sənədlərin ötürülməsini və ya təmsil olunan Razılığa gələn Tərəfin məhkəmələri üçün ifadələrin alınması üzrə məhkəmə tapşırıqlarının icrasını, qüvvədə olan beynəlxalq sazişlərə uyğun olaraq və ya bu cür sazişlərin mövcud olmadığı təqdirdə, ərazisində olduqları Razılığa gələn Tərəfin qanunvericiliyinə zidd olmayan digər istənilən qaydada həyata keçirməyə haqlıdırlar.
Maddə 15. Hüquqi məsələlər haqqında məlumat
Razılığa gələn Tərəflərin mərkəzi ədliyyə müəssisələri öz Razılığa gələn Tərəfinin mövcud olan və ya mövcud olmuş daxili qanunvericiliyi və onun tətbiqi üzrə təcrübə haqqında məlumatı sorğu əsasında bir-birinə təqdim edirlər.
Maddə 16. Ünvanların və digər məlumatın müəyyən edilməsi
1. Razılığa gələn Tərəflərin ədliyyə müəssisələri, onların ərazilərində yaşayan şəxslərin və əgər bu, onların vətəndaşlarının hüquqlarının həyata keçirilməsi üçün zəruridirsə, hüquqi şəxslərin ünvanlarının müəyyən edilməsində bir-birinə sorğu əsasında yardım göstərirlər. Belə olduqda, sorğu edən Razılığa gələn Tərəfin ədliyyə müəssisəsi sorğuda göstərilmiş şəxsin ünvanını müəyyən etmək üçün özündə olan məlumatı bildirir.
2. Razılığa gələn Tərəflərin ədliyyə müəssisələri, onların ərazilərində yaşayan və sorğu edən Razılığa gələn Tərəfin ədliyyə müəssisələrində barələrində mülki, ailə və cinayət işləri üzrə əmlak tələbləri irəli sürülən şəxslərin iş yerlərinin (peşə növünün) və gəlirlərinin, o cümlədən bank hesablarında olan vəsaitlərinin müəyyən edilməsində qarşılıqlı yardım göstərirlər.
Maddə 17. Dil
Bu Konvensiyanın yerinə yetirilməsi zamanı Razılığa gələn Tərəflərin ədliyyə müəssisələri Razılığa gələn Tərəflərin dövlət dillərindən və ya rus dilindən istifadə edirlər.
Sənədlər Razılığa gələn Tərəflərin dövlət dillərində icra olunduğu təqdirdə, onlara rus dilinə təsdiqlənmiş tərcümələr əlavə edilir.
Maddə 18. Hüquqi yardımın göstərilməsi ilə bağlı xərclər
1. Hüquqi yardımın göstərilməsi ilə bağlı xərclər, əgər bu Konvensiyada başqa cür müəyyən edilməmişdirsə, onların çəkildiyi Razılığa gələn Tərəfin üzərinə düşür.
2. Tarixi və mədəni dəyərlərə malik olan, habelə böyük maddi dəyəri olan əşyaların ötürülməsi və daşınması ilə əlaqədar xərclər sorğu edən Razılığa gələn Tərəfin üzərinə düşür.
Maddə 19. Vəzifəli şəxslərin hərəkətlərindən şikayət. Dəymiş zərərin ödənilməsi
1. Razılığa gələn hər bir Tərəfin vətəndaşları və hüquqi şəxsləri, habelə onun ərazisində olan digər şəxslər Razılığa gələn digər Tərəflərin ədliyyə müəssisələrinin vəzifəli şəxsləri Tərəfindən bu Konvensiyanın müddəalarının yerinə yetirilməsi zamanı edilən hərəkətlərdən, əgər Konvensiyada başqa cür müəyyən edilməmişdirsə, həmin hərəkətlərin edildiyi Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulan qaydada şikayət etməyə haqlıdırlar.
2. Əgər Razılığa gələn Tərəflərin ədliyyə müəssisələrinin vəzifəli şəxsləri tərəfindən bu Konvensiyanın müddəalarının yerinə yetirilməsi zamanı edilən qeyri-qanuni hərəkətlərlə bu maddənin 1-ci bəndində göstərilən şəxslərə zərər yetirilibsə, onda onlar zərərin Razılığa gələn Tərəfin qanunvericiliyinə uyğun olaraq, zərəri yetirən ədliyyə müəssisəsinin vəzifəli şəxsi Tərəfindən ödənilməsini tələb etməyə haqlıdırlar.
Maddə 20. Hüquqi yardımın göstərilməsi zamanı məlumatın məxfiliyi
1. Sorğu alan Razılığa gələn Tərəfin ədliyyə müəssisəsi sorğu edən Razılığa gələn Tərəfin ədliyyə müəssisəsinin sorğusuna əsasən hüquqi yardımın göstərilməsi haqqında tapşırığın və onun icrası nəticəsində əldə edilmiş məlumatın alınması faktının və məzmununun məxfiliyini təmin etmək üçün bütün zəruri tədbirləri görür.
2. Sorğu edən və sorğu alan Razılığa gələn Tərəflərin ədliyyə müəssisələri, lazım gəldikdə, tapşırığın icrası nəticəsində əldə edilmiş məlumatın məxfiliyini saxlamaq şərtlərini və müddətini öz aralarında razılaşdırırlar.
Maddə 21. Hüquqi yardımın göstərilməsindən imtina
Əgər hüquqi yardımın göstərilməsi sorğu alan Razılığa gələn Tərəfin suverenliyinə və ya təhlükəsizliyinə, yaxud da qanunvericiliyinə xələl gətirə bilərsə, onda onun göstərilməsindən tam və ya qismən imtina edilə bilər. Hüquqi yardımın göstərilməsi haqqında sorğuya rədd cavabı verildiyi təqdirdə, sorğu edən Razılığa gələn Tərəf imtinanın səbəbləri haqqında təxirə salınmadan məlumatlandırılır.

II Bölmə. Mülki və ailə işləri üzrə hüquqi münasibətlər
I Hissə. Səlahiyyət

Maddə 22. Ümumi müddəalar
1. Əgər bu bölmənin II — V hissələrində digər qayda nəzərdə tutulmursa, onda yaşayış yeri Razılığa gələn Tərəflərin birində olan şəxslərə qarşı iddialar, onların vətəndaşlığından asılı olmayaraq, həmin Razılığa gələn Tərəflərin məhkəmələrinə təqdim edilir, hüquqi şəxsə qarşı iddialar isə onların idarəedici orqanı, nümayəndəsi, yaxud da filialı olan Razılığa gələn Tərəfin məhkəmələrinə təqdim edilir.
Əgər işdə, yaşayış yeri (olduğu yer) Razılığa gələn ayrı-ayrı Tərəflərin ərazisində olan bir neçə cavabdeh iştirak edirsə, onda mübahisəyə iddiaçının seçimi əsasında istənilən cavabdehin yaşadığı yer (olduğu yer) üzrə baxılır.
2. Razılığa gələn Tərəfin məhkəmələri eyni zamanda səlahiyyətli hesab edilir, əgər onun ərazisində:
a) cavabdehin müəssisəsinin (filialının) ticarət, sənaye və ya digər təsərrüfat fəaliyyəti həyata keçirilirsə;
b) mübahisənin predmeti olan müqavilədən irəli gələn öhdəliklər yerinə yetirilibsə, yaxud tam və ya qismən yerinə yetirilməlidirsə;
v) şərəf və ləyaqətin və işgüzar nüfüzun müdafiəsi haqqında iddia üzrə iddiaçının daimi yaşayış yeri və ya olduğu yer varsa.
3. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqları haqqında iddialar üzrə səlahiyyətə, müstəsna hal kimi, yalnız əmlakın yerləşdiyi ərazidə olan məhkəmələr malikdir.
Daşıyıcılara yüklərin, sərnişinlərin və baqajın daşınması haqqında müqavilələrdən irəli gələn iddialar, müəyyən olunmuş qaydada iddia təqdim edilmiş nəqliyyat təşkilatı idarəsinin olduğu yer üzrə təqdim edilir.
Maddə 23. Müqavilə üzrə məhkəmə aidiyyəti
1. Razılığa gələn Tərəflərin məhkəmələri, əgər işə mahiyyəti üzrə baxılmasına qədər mübahisənin həmin məhkəmələrə verilməsi haqqında Tərəflərin yazılı razılığı mövcuddursa, işlərə digər hallarda da baxa bilərlər.
Bununla belə, bu Konvensiyanın normalarından irəli gələn, bu bölmənin I — V hissələri ilə müəyyən edilən, habelə Razılığa gələn müvafiq Tərəfin daxili qanunvericiliyindən irəli gələn müstəsna məhkəmə aidiyyəti Tərəflərin razılaşması ilə dəyişdirilə bilməz.
2. Mübahisənin məhkəməyə verilməsi haqqında razılaşma mövcud olduğu təqdirdə, məhkəmə iş üzrə icraata xitam verir.
Maddə 24. Məhkəmə proseslərinin qarşılıqlı əlaqəsi
1. Razılığa gələn iki Tərəfin bu Konvensiyaya uyğun olaraq səlahiyyətli məhkəmələrində eyni Tərəflər arasında eyni predmet üzrə və eyni əsaslarla iş üzrə icraat başlandığı təqdirdə, işi sonradan başlamış məhkəmə işin icraatına xitam verir.
2. Əsas iddia ilə yaranan hüquq münasibətlərindən irəli gələn qarşılıqlı iddia və ödəmə haqqında tələbə əsas iddia üzrə işə baxan məhkəmədə baxılmalıdır.
Maddə 25. Prokurorun mülki prosesdə iştirakı haqqında xahiş
Razılığa gələn bir Tərəfin Prokuroru öz səlahiyyəti çərçivəsində sorğu edən Razılığa gələn Tərəfin vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və qanuni maraqlarının müdafiəsinə dair Razılığa gələn digər Tərəfin Prokuroruna Razılığa gələn həmin Tərəfin məhkəməsində işin başlanması, bu cür işlərin baxışında iştirak etmək və ya yuxarı instansiya məhkəməsinə kassasiya, apellyasiya və ya şəxsi protestin (təqdimatın), habelə bu cür işlər üzrə məhkəmə qərarlarına nəzarət qaydasında protestin (təqdimatın) verilməsi haqqında müraciət etməyə haqlıdır.
II Hissə. Şəxsi status
Maddə 26. Hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti
1. Fiziki şəxsin fəaliyyət qabiliyyəti, onun vətəndaşı olduğu Razılığa gələn Tərəfin qanunvericiliyi ilə müəyyən edilir.
2. Vətəndaşlığı olmayan şəxsin fəaliyyət qabiliyyəti, onun daimi yaşayış yerinin olduğu Razılığa gələn Tərəfin qanunvericiliyi ilə müəyyən edilir.
3. Hüquqi şəxsin fəaliyyət qabiliyyəti, onun təsis edildiyi Razılığa gələn Tərəfin qanunvericiliyi ilə müəyyən edilir.
Maddə 27. Fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması və ya fəaliyyət qabiliyyətindən məhrumetmə
1. Şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması və ya fəaliyyət qabiliyyətindən məhrum edilməsi haqqında işlərə, bu maddənin 2 — 3-cü bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla, onun vətəndaşı olduğu Razılığa gələn Tərəfin məhkəməsi baxmağa səlahiyyətlidir.
2. Əgər Razılığa gələn bir Tərəfin məhkəməsinə, onun ərazisində yaşayan və Razılığa gələn digər Tərəfin vətəndaşı olan şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması və ya fəaliyyət qabiliyyətindən məhrum edilməsi səbəbləri məlum olarsa, o, bu barədə həmin şəxsin vətəndaşlığına mənsub olduğu Razılığa gələn Tərəfin məhkəməsinə bildirir.
3. Əgər vətəndaşın fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması və ya fəaliyyət qabiliyyətindən məhrum edilməsi səbəbləri haqqında məlumatlandırılan Razılığa gələn Tərəfin səlahiyyətli məhkəməsi 90 gün ərzində işi baxışa qəbul etməzsə və ya öz fikrini bildirməzsə, onda fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması və ya fəaliyyət qabiliyyətindən məhrum etmə haqqında işə həmin vətəndaşın daimi yaşayış yeri olan Razılığa gələn Tərəfin məhkəməsi baxacaqdır. Şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması və ya fəaliyyət qabiliyyətindən məhrum edilməsi haqqında qərar həmin şəxsin vətəndaşlığının mənsub olduğu Razılığa gələn Tərəfin məhkəməsinə göndərilir.
4. Bu maddənin 1 — 3-cü bəndlərinin müddəaları, bir qayda olaraq, fəaliyyət qabiliyyətinin bərpa edilməsinə də tətbiq edilir.
Maddə 28. Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ölmüş elan edilməsi. Ölüm faktının müəyyən edilməsi
1. Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ölmüş elan edilməsi və ölüm faktının müəyyən edilməsinə dair işlərin baxılmasına, şəxsin sağ olarkən vətəndaşlığının mənsub olduğu Razılığa gələn Tərəfin ədliyyə müəssisəsi səlahiyyətlidir, digər şəxslərə münasibətdə isə şəxsin son yaşadığı yer üzrə ədliyyə müəssisəsi səlahiyyətlidir.
2. Razılığa gələn hər bir Tərəfin ədliyyə müəssisələri Razılığa gələn digər Tərəfin vətəndaşını və onun ərazisində yaşayan şəxsi xəbərsiz itkin düşmüş və ya ölmüş hesab edə bilər, habelə onun ərazisində yaşayan, hüquq və maraqları həmin Razılığa gələn Tərəfin qanunvericiliyinə əsaslanan maraqlı şəxslərin vəsatəti əsasında onun ölüm faktını müəyyən edə bilərlər.
3. Razılığa gələn Tərəflərin ədliyyə müəssisələri şəxsin xəbərsiz itkin düşmüş və ya ölmüş hesab edilməsi və ölüm faktının müəyyən edilməsi üzrə işlərə baxarkən öz Razılığa gələn Tərəfinin qanunvericiliyini tətbiq edirlər.
III Hissə. Ailə işləri
Maddə 29. Nikahın bağlanması
Hər bir gələcək ər və ya arvad nikahının bağlanması şərtləri, onların vətəndaşlığının mənsub olduğu Razılığa gələn Tərəfin qanunvericiliyi, vətəndaşlığı olmayan şəxslər üçün isə onların daimi yaşadıqları Razılığa gələn Tərəfin qanunvericiliyi ilə müəyyən edilir. Bundan əlavə, nikahın bağlanması zamanı maneələrə münasibətdə, ərazisində nikah bağlanan Razılığa gələn Tərəfin qanunvericiliyinin tələblərinə riayət edilməlidir.
Maddə 30. Ər və arvadın hüquq münasibətləri
1. Ər və arvadın şəxsi və əmlak hüquq münasibətləri onların birgə yaşadıqları Razılığa gələn Tərəfin qanunvericiliyi ilə müəyyən edilir.
2. Əgər ər və ya arvadın biri Razılığa gələn bir Tərəfin ərazisində yaşayır, ikincisi isə Razılığa gələn digər Tərəfin ərazisində yaşayır və onların hər ikisi eyni vətəndaşlığa malikdirsə, onda onların şəxsi və əmlak hüquq münasibətləri, onların vətəndaşlıqlarının mənsub olduğu Razılığa gələn Tərəfin qanunvericiliyi ilə müəyyən edilir.
3. Əgər ər və ya arvadın biri Razılığa gələn bir Tərəfin ərazisində, o biri isə Razılığa gələn digər Tərəfin ərazisində yaşayırsa, onda onların şəxsi və əmlak hüquq münasibətləri, onların son birgə yaşadıqları Razılığa gələn Tərəfin qanunvericiliyi ilə müəyyən edilir.
4. Əgər bu maddənin 3-cü bəndində göstərilən şəxslərin Razılığa gələn Tərəflərin ərazilərində birgə yaşayış yeri olmamışdırsa, onda işə baxan ədliyyə müəssisəsinin olduğu Razılığa gələn Tərəfin qanunvericiliyi tətbiq edilir.
5. Daşınmaz əmlaka dair ərlə arvadın hüquq münasibətlərində əmlakın olduğu Razılığa gələn Tərəfin qanunvericiliyi tətbiq edilir.
6. Ər və arvadın şəxsi və əmlak hüquq münasibətləri haqqında işlərin baxılmasına bu maddənin 1 — 3 və 5-ci bəndlərinə uyğun olaraq qanunvericiliyi tətbiq edilməli Razılığa gələn Tərəfin ədliyyə müəssisəsi səlahiyyətlidir.
Maddə 31. Nikahın pozulması
1. Nikahın pozulması haqqında işlər üzrə ər və arvadın ərizə verdiyi zaman vətəndaşı olduqları Razılığa gələn Tərəfin qanunvericiliyi tətbiq edilir.
2. Əgər ər və ya arvaddan biri Razılığa gələn bir Tərəfin vətəndaşıdırsa, ikincisi isə Razılığa gələn digər Tərəfin vətəndaşıdırsa, onda nikahın pozulması haqqında işə baxan ədliyyə müəssisəsinin olduğu Razılığa gələn Tərəfin qanunvericiliyi tətbiq edilir.
Maddə 32. Razılığa gələn Tərəflərin ədliyyə müəssisələrinin səlahiyyətləri
1. Bu Konvensiyanın 31-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan hallarda nikahın pozulması haqqında işə baxılmasına, ər və arvadın ərizə verdiyi zaman vətəndaşı olduqları Razılığa gələn Tərəfin ədliyyə müəssisəsi səlahiyyətlidir. Əgər ərizə verilən zaman ər və arvad Razılığa gələn digər Tərəfin ərazisində yaşayırsa, onda işin baxılmasına eyni zamanda Razılığa gələn həmin Tərəfin müəssisələri də səlahiyyətlidir.
2. Bu Konvensiyanın 31-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulan hallarda nikahın pozulması haqqında işə baxmağa, ərazisində ər və arvadın birgə yaşadıqları Razılığa gələn Tərəfin ədliyyə müəssisəsi səlahiyyətlidir. Əgər ər və arvadın biri Razılığa gələn bir Tərəfin ərazisində yaşayır, ikincisi isə Razılığa gələn digər Tərəfin ərazisində yaşayırsa, onda nikahın pozulması haqqında işin baxılmasına ər və arvadın yaşadıqları Razılığa gələn hər iki Tərəfin ədliyyə müəssisəsi səlahiyyətlidir.
Maddə 33. Nikahın etibarsız sayılması
1. Nikahın etibarsız hesab edilməsi haqqında işlər üzrə bu Konvensiyanın 29-cu maddəsinə uyğun olaraq, nikahın bağlanması zamanı istifadə edilən Razılığa gələn Tərəfin qanunvericiliyi tətbiq edilir.
2. Nikahın etibarsız hesab edilməsi haqqında işlər üzrə ədliyyə müəssisələrinin səlahiyyəti, bu Konvensiyanın 32-ci maddəsinə uyğun olaraq müəyyən edilir.
Maddə 34. Atalığın və analığın müəyyən edilməsi və mübahisəsi
Atalığın və analığın müəyyən edilməsi və mübahisəsi, uşağın vətəndaşlığı mənsub olan Razılığa gələn Tərəfin qanunvericiliyi ilə müəyyən edilir, onun vətəndaşlıq mənsubiyyətini müəyyən etmək mümkün olmadıqda, uşağın doğulduğu andan vətəndaşlığının mənsub olduğu Razılığa gələn Tərəfin qanunvericiliyi ilə müəyyən edilir.
Maddə 35. Valideynlərin və uşaqların hüquq münasibətləri
1. Valideynlərin və uşaqların hüquq və vəzifələri, o cümlədən valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi, onların daimi birgə yaşayış yeri olduqları Razılığa gələn Tərəfin qanunvericiliyi ilə müəyyən edilir, valideynlərin və uşaqların daimi birgə yaşayış yeri olmadıqda, onların qarşılıqlı hüquq və vəzifələri uşağın vətəndaşlığı mənsub olan Razılığa gələn Tərəfin qanunvericiliyi ilə müəyyən edilir.
İddiaçının tələbi ilə aliment öhdəlikləri üzrə uşağın daimi yaşadığı Razılığa gələn Tərəfin qanunvericiliyi tətbiq edilir.
2. Yetkinlik yaşına çatmış uşaqların valideynlərin xeyrinə aliment öhdəlikləri, habelə digər ailə üzvlərinin aliment öhdəlikləri, onların birgə yaşayış yeri olan Razılığa gələn Tərəfin qanunvericiliyi ilə müəyyən edilir. Birgə yaşayış yeri olmadıqda, bu cür öhdəliklər iddiaçının vətəndaşlığının mənsub olduğu Razılığa gələn Tərəfin qanunvericiliyi ilə müəyyən edilir.
3. Valideynlər və uşaqlar arasında hüquq münasibətləri haqqında işlərə bu maddənin 1 və 2-ci bəndlərinə uyğun olaraq, qanunvericiliyi tətbiq edilməli Razılığa gələn Tərəfin məhkəməsi baxmağa səlahiyyətlidir.
4. Uşaqların tərbiyələndirilməsi ilə əlaqədar işlər üzrə məhkəmə qərarlarının icrası, uşağın yaşadığı Razılığa gələn Tərəfin qanunvericiliyində müəyyən edilmiş qaydada həyata keçirilir.
5. Razılığa gələn Tərəflər alimentlərin alınması haqqında işlər üzrə cavabdehin axtarışında bir-birinə yardım göstərirlər, əgər kifayət qədər əsas varsa ki, cavabdeh digər Razılığa gələn Tərəfin ərazisindədir və məhkəmə tərəfindən onun axtarışının elan edilməsi haqqında qərardad çıxarılmışdır.
Maddə 36. Qəyyumluq və himayəçilik
1. Qəyyumluq və himayəçiliyin müəyyən və ya ləğv edilməsi, barəsində qəyyumluq və ya himayəçilik müəyyən edilən və ya ləğv edilən şəxsin vətəndaşlığının mənsub olduğu Razılığa gələn Tərəfin qanunvericiliyi ilə həyata keçirilir.
2. Qəyyumlar və ya himayəçilər və qəyyumluq və ya himayəçilik altında olan şəxslə hüquq münasibətləri, həmin qəyyumu və ya himayəçini təyin etmiş idarənin məxsus olduğu Razılığa gələn Tərəfin qanunvericiliyi ilə tənzimlənir.
3. Qəyyumluğu və ya himayəçiliyi götürmək öhdəliyi, qəyyum və ya himayəçi təyin edilən şəxsin mənsub olduğu Razılığa gələn Tərəfin qanunvericiliyi ilə müəyyən edilir.
4. Razılığa gələn bir Tərəfin vətəndaşı qəyyumluğun və ya himayəçiliyin həyata keçiriləcəyi Razılığa gələn Tərəfin ərazisində yaşayırsa, onda o, Razılığa gələn digər Tərəfin vətəndaşının qəyyumu və ya himayəçisi təyin edilə bilər.
Maddə 37. Qəyyumluq və himayəçilik məsələlərində müəssisələrin səlahiyyəti
Əgər bu Konvensiyada digər qayda nəzərdə tutulmamışdırsa, qəyyumluq və himayəçiliyin müəyyən və ya ləğv edilməsinə dair işlərin baxılmasına, barəsində qəyyumluq və ya himayəçilik müəyyən edilən və ya ləğv edilən şəxsin vətəndaşlığının mənsub olduğu Razılığa gələn Tərəfin müəssisəsi səlahiyyətlidir.
Maddə 38. Qəyyumluq və himayəçilik tədbirlərinin görülməsi qaydası
1. Daimi yaşayış yeri, olduğu yer və ya əmlakı Razılığa gələn bir Tərəfin ərazisində olan Razılığa gələn digər Tərəfin vətəndaşının maraqları naminə qəyyumluq və ya himayəçilik tədbirlərinin görülməsinə zərurət yarandıqda, Razılığa gələn həmin Tərəfin müəssisəsi bu Konvensiyanın 37-ci maddəsinə uyğun olaraq, səlahiyyəti olan müəssisəni təxirə salmadan məlumatlandırır.
2. Təxirəsalınmaz hallarda, Razılığa gələn digər Tərəfin müəssisəsi öz qanunvericiliyinə uyğun olaraq, özü müvəqqəti zəruri tədbirlər görə bilər. Belə olduğu təqdirdə, o, bu Konvensiyanın 37-ci maddəsinə uyğun olaraq səlahiyyəti olan müəssisəni təxirə salmadan məlumatlandırmalıdır. Bu tədbirlər 37-ci maddədə göstərilən müəssisə digər qərar qəbul edənə qədər öz qüvvəsini saxlayır.
Maddə 39. Qəyyumluğun və himayəçiliyin verilməsi qaydası
1. Razılığa gələn bir Tərəfin bu Konvensiyanın 37-ci maddəsinə uyğun olaraq səlahiyyəti olan müəssisəsi qəyyumluğu və ya himayəçiliyi Razılığa gələn digər Tərəfin müəssisəsinə o halda verə bilər ki, qəyyumluq və ya himayəçilik altında olan şəxsin Razılığa gələn həmin Tərəfin ərazisində daimi yaşayış yeri, olduğu yer və ya əmlakı olsun. Qəyyumluğun və ya himayəçiliyin verilməsi, sorğu alan Razılığa gələn Tərəfin müəssisəsi qəyyumluğu və ya himayəçiliyi öz üzərinə götürdükdən və bu barədə sorğu edən Razılığa gələn Tərəfin müəssisəsini məlumatlandırdıqdan sonra qüvvəyə minir.
2. Bu maddənin 1-ci bəndinə uyğun olaraq qəyyumluğu və ya himayəçiliyi qəbul etmiş müəssisə, onları öz Razılığa gələn Tərəfinin qanunvericiliyinə uyğun olaraq həyata keçirir.
Maddə 40. Övladlığa götürmə
1. Övladlığa götürmə və ya onun ləğv edilməsi, əgər uşağın vətəndaşlığının mənsub olduğu Razılığa gələn Tərəfin daxili qanunvericiliyində digər qayda nəzərdə tutulmamışdırsa, övladlığa götürmə və ya onun ləğv edilməsi haqqında ərizə verilən zaman övladlığa götürənin vətəndaşlığının mənsub olduğu Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən həyata keçirilir.
2. Əgər uşaq Razılığa gələn digər Tərəfin vətəndaşıdırsa, onda övladlığa götürərkən və ya onu ləğv edərkən, qanuni nümayəndənin və səlahiyyətli dövlət orqanının, habelə uşağın razılığını, əgər onun vətəndaşlığının mənsub olduğu Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən bu tələb edilirsə, almaq vacibdir.
3. Əgər uşağı, biri Razılığa gələn bir Tərəfin vətəndaşı, digəri isə Razılığa gələn digər Tərəfin vətəndaşı olan ər və arvad övladlığa götürübsə, onda övladlığa götürmə və ya onun ləğv edilməsi, bu maddənin 1-ci və 2-ci bəndlərini nəzərə almaqla, Razılığa gələn hər iki Tərəfin qanunvericiliyində nəzərdə tutulan şərtlərə uyğun olaraq həyata keçirilir.
4. Övladlığa götürmə və ya onun ləğv edilməsinə dair işlərə baxmağa, övladlığa götürmə və ya onun ləğv edilməsi haqqında ərizə verilən zaman övladlığa götürənin vətəndaşlığının mənsub olduğu Razılığa gələn Tərəfin müəssisəsi, bu maddənin 3-cü bəndində nəzərdə tutulan halda isə ər və arvadın son birgə yaşadıqları və ya olduqları Razılığa gələn Tərəfin müəssisəsi səlahiyyətlidir.

IV Hissə. Əmlak hüquq münasibətləri
Maddə 41. Mülkiyyət hüququ

1. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ əmlakın yerləşdiyi Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən müəyyən edilir. Hansı əmlakın daşınmaz olduğu məsələsi həmin əmlakın yerləşdiyi Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən müəyyən edilir.
2. Dövlət reyestrinə daxil olmalı nəqliyyat vasitələri üzərində mülkiyyət hüququ nəqliyyat vasitəsini qeydiyyata almış orqanın yerləşdiyi Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən müəyyən edilir.
3. Mülkiyyət hüququnun və ya əmlak üzərində digər əşya hüququnun yaranması və ona xitam verilməsi bu cür hüququn yaranmasına və ya ona xitam verilməsinə səbəb olan hərəkətin və ya digər halın baş verdiyi zaman əmlakın yerləşdiyi Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən müəyyən edilir.
4. Əqdin predmeti olan mülkiyyət hüququnun və ya əmlak üzərində digər əşya hüququnun yaranması və ona xitam verilməsi, əgər Razılığa gələn Tərəflər arasında razılaşma ilə digər qayda nəzərdə tutulmursa, əqdin bağlandığı yerin qanunvericiliyinə əsasən müəyyən edilir.
Maddə 42. Əqdin forması
1. Əqdin forması əqdin baş verdiyi Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən müəyyən edilir.
2. Daşınmaz əmlaka və ona hüquqlara dair əqdin forması bu cür əmlakın yerləşdiyi Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən müəyyən edilir.
Maddə 43. Etibarnamə
Etibarnamənin forması və müddəti onun verildiyi Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən müəyyən edilir.
Bu cür etibarnamə, ərazisində istifadə ediləcək Razılığa gələn Tərəfin dilinə, yaxud rus dilinə notarial qaydada təsdiqlənmiş tərcümə ilə birlikdə Razılığa gələn digər Tərəflərin ərazilərində hər hansı bir xüsusi təsdiq etmədən tətbiq ediləcəkdir.
Maddə 44. Əqd əsasında Tərəflərin hüquq və vəzifələri
Əqd əsasında Tərəflərin hüquq və vəzifələri, əgər Tərəflər arasında razılaşma ilə digər qayda nəzərdə tutulmayıbsa, onun baş verdiyi Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən müəyyən edilir.
Maddə 45. Zərərin ödənilməsi
1. Zərərin ödənilməsindən əmələ gələn öhdəliklər, müqavilələrdən və digər qanuni hərəkətlərdən əmələ gələn öhdəliklərdən savayı, ərazisində zərərin ödənilməsi haqqında tələb etmək üçün əsas olan hərəkətin və ya digər halın baş verdiyi Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən müəyyən edilir.
2. Əgər zərər yetirən və zərərçəkmiş şəxs Razılığa gələn eyni Tərəfin vətəndaşlarıdırsa, onda həmin Razılığa gələn Tərəfin qanunvericiliyi tətbiq edilir.
3. Bu maddənin 1-ci və 2-ci bəndlərində göstərilən işlərin baxılmasına, ərazisində zərərin ödənilməsi haqqında tələb etmək üçün əsas olan hərəkətin və ya digər halın baş verdiyi Razılığa gələn Tərəfin məhkəməsi səlahiyyətlidir. Zərərçəkmiş şəxs, eyni zamanda, cavabdehin yaşayış yeri olduğu Razılığa gələn Tərəfin məhkəməsində iddia qaldıra bilər.
Maddə 46. İddia müddəti
İddia müddətinə aid olan məsələlər müvafiq hüquq münasibətlərinin tənzimlənməsi üçün tətbiq edilən qanunvericiliyə əsasən həll edilir.

V Hissə. Vərəsəlik
Maddə 47. Bərabərlik prinsipi
Razılığa gələn hər bir Tərəfin vətəndaşları Razılığa gələn digər Tərəflərin ərazilərində Razılığa gələn həmin Tərəfin öz vətəndaşları üçün nəzərdə tutulan bərabər şərtlər və eyni həcmdə qanun üzrə və ya vəsiyyət üzrə əmlak və ya hüquqlara varis ola bilərlər.
Maddə 48. Vərəsəlik hüququ
1. Bu maddənin 2-ci bəndində nəzərdə tutulan haldan savayı, əmlaka vərəsəlik hüququ miras qoyanın son daimi yaşayış yeri olduğu Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən müəyyən edilir.
2. Daşınmaz əmlaka vərəsəlik hüququ həmin əmlakın yerləşdiyi Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən müəyyən edilir.
Maddə 49. Mirasin dövlətə keçməsi
Əgər Razılığa gələn Tərəfin mirasa tətbiq edəcəyi qanunvericiliyinə əsasən varis dövlətdirsə, onda miras kimi çıxış edən daşınar əmlak miras qoyanın öldüyü zaman vətəndaşlığının mənsub olduğu Razılığa gələn Tərəfə keçir, daşınmaz əmlak isə onun yerləşdiyi Razılığa gələn Tərəfə keçir.
Maddə 50. Vəsiyyət
Şəxsin vəsiyyətnaməni tərtib etməyə və ya onu ləğv etməyə hüquqi qabiliyyəti, habelə onun forması və ləğv edilmə qaydası miras qoyanın akt tərtib edilən zaman yaşayış yeri olduğu Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən müəyyən edilir. Lakin vəsiyyətin edilməsi və ya onun ləğv edilməsi, əgər vəsiyyətnamənin forması vəsiyyətnamənin tərtib edildiyi Razılığa gələn Tərəfin qanunvericiliyinə uyğun gəlirsə, onun formasına riayət edilməməsi səbəbindən etibarsız hesab edilə bilməz.
Maddə 51. Vərəsəliyə dair işlər üzrə səlahiyyət
1. Daşınar miras əmlaka dair işlər üzrə icraatı, miras qoyanın öldüyü zaman ərazisində yaşadığı Razılığa gələn Tərəfin müəssisəsi tərəfindən həyata keçirilir.
2. Daşınmaz əmlakın miras qoyulması üzrə işlərin icraatının aparılmasına əmlakın yerləşdiyi Razılığa gələn Tərəfin müəssisəsi səlahiyyətlidir.
3. Bu maddənin 1-ci və 2-ci bəndlərinin müddəaları, həmçinin vərəsəlik üzrə işlərin icraatı ilə bağlı yaranan mübahisələrin baxılmasında da tətbiq edilir.
Maddə 52. Diplomatik nümayəndəliyin və ya konsulluq idarəsinin vərəsəlik işləri üzrə səlahiyyəti
Razılığa gələn hər bir Tərəfin diplomatik nümayəndəlikləri və ya konsulluq idarələri vərəsəlik işləri, o cümlədən mirasla əlaqədar yaranan mübahisələrə dair işlər üzrə öz Razılığa gələn Tərəfinin vətəndaşlarını, əgər onlar yoxdursa və ya nümayəndə təyin etməmişlərsə, Razılığa gələn digər Tərəflərin müəssisələrində (vərəsəlikdən imtina hüququ istisna olmaqla) xüsusi etibarnaməsiz təmsil etməyə səlahiyyətlidirlər.
Maddə 53. Mirasın qorunması üçün tədbirlər
1. Razılığa gələn Tərəflərin müəssisələri öz Razılığa gələn Tərəflərinin qanunvericiliyinə uyğun olaraq, onların ərazilərində Razılığa gələn digər Tərəflərin vətəndaşları tərəfindən qoyulan mirasın qorunmasını təmin etmək və ya onu idarə etmək üçün zəruri tədbirlər görür.
2. Miras qoyanın vətəndaşlığının mənsub olan Razılığa gələn Tərəfin diplomatik nümayəndəliyi və ya konsulluq idarəsi, bu maddənin 1-ci bəndinə əsasən görülən tədbirlər haqqında məlumatlandırılır. Göstərilən diplomatik nümayəndəlik və ya konsulluq idarəsi bu tədbirlərin həyata keçirilməsində iştirak edə bilər.
3. Razılığa gələn Tərəflərin vərəsəlik işləri üzrə icraatın aparılmasına səlahiyyəti olan ədliyyə müəssisələrinin, habelə diplomatik nümayəndəliklərin və ya konsulluq idarələrinin vəsatətlərinə əsasən, bu maddənin 1-ci bəndinə uyğun olaraq görülmüş tədbirlər dəyişdirilə, ləğv edilə və ya təxirə salına bilər.
III Bölmə. Qərarların tanınması və icrası
Maddə 54. Qərarların tanınması və icrası
1. Razılığa gələn Tərəflərdən hər biri bu Konvensiyada nəzərdə tutulan şərtlərə əsasən Razılığa gələn digər Tərəflərin ərazilərində çıxarılan aşağıdakı qərarları tanıyır və icra edir:
a) mülki və ailə işləri üzrə Razılığa gələn Tərəflərin ədliyyə müəssisələrinin qərarları, o cümlədən belə işlər üzrə məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişləri və pul öhdəliklərinə münasibətdə notarial aktlar (bundan sonra — qərarlar);
b) cinayət işləri üzrə zərərin ödənilməsi, cərimələrin tutulması və müsadirələrin edilməsinə dair məhkəmələrin çıxardığı hökmlər (qərarlar);
v) iddianın təmin edilməsi məqsədilə əmlak, o cümlədən bank hesablarında olan pul vəsaitlərinin üzərinə həbs qoyma haqqında məhkəmələrin qərarları.
2. Bu maddənin 1-ci bəndində göstərilən qərarların tanınması və icrası sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
Maddə 55. İcrası tələb olunmayan qərarların tanınması
1. Razılığa gələn hər bir Tərəfin ədliyyə müəssisələrinin çıxardığı və sonradan qanuni qüvvəyə minən və öz mahiyyətinə görə icrası tələb olunmayan qərarlar Razılığa gələn digər Tərəflərin ərazilərində xüsusi icraat aparılmadan o şərtlə tanına bilər ki:
a) sorğu alan Razılığa gələn Tərəfin ədliyyə müəssisələri həmin iş üzrə əvvəlcədən qərar çıxarmış və həmin qərar qüvvəyə minmiş olsun;
b) iş, bu Konvensiyaya uyğun olaraq və ya ərazisində qərarın tanınacağı Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən orada nəzərdə tutulmayan hallarda Razılığa gələn həmin Tərəfin ədliyyə müəssisəsinin müstəsna səlahiyyətinə aid olmadıqda.
2. Bu maddənin 1-ci bəndinin müddəaları, həmçinin qərarın çıxarıldığı Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən səlahiyyətli müəssisələrin qəyyumluq və himayəçilik haqqında və nikahın pozulması haqqında çıxardıqları qərarlara da aiddir.
Maddə 56. Qərarların tanınması və icrası haqqında vəsatət
1. Qərarın tanınması və icrası haqqında vəsatəti, qərarın icra ediləcəyi Razılığa gələn Tərəfin səlahiyyətli məhkəməsinə xeyrinə qərar çıxarılmış tərəf verir. Vəsatət həmçinin birinci instansiyada iş üzrə qərar çıxarmış məhkəməyə də verilə bilər. Həmin məhkəmə öz qərarının tanınması və icrası haqqında vəsatəti vəsatət üzrə qərar çıxarmağa səlahiyyəti olan məhkəməyə göndərir.
2. Vəsatətə aşağıdakılar əlavə edilir:
a) qərar və ya onun təsdiq edilmiş surəti, habelə qərarın qanuni qüvvəyə minməsini və icra edilməli olduğunu və ya, əgər qərarın özündən irəli gəlmirsə, qərarın qüvvəyə minməsinə qədər icra edilməli olduğunu əks etdirən rəsmi sənəd;
b) barəsində qərar çıxarılan və prosesdə iştirak etməyən tərəfin lazımi qaydada və vaxtlı-vaxtında məhkəməyə çağırılmasını əks etdirən sənəd, tərəfin prosessual fəaliyyət qabiliyyəti olmadığı təqdirdə isə lazımi qaydada təmsil edilməsini təsdiq edən sənəd;
v) qərarın, onun ötürülməsi zamanı qismən icra olunmasını təsdiq edən sənəd;
q) müqavilə aidiyyəti məsələləri üzrə Tərəflərin razılaşmasını təsdiq edən sənəd.
3. Qərarın tanınması və icra edilməsi haqqında vəsatət və ona əlavə sənədlər sorğu alan Razılığa gələn Tərəfin dilinə və ya rus dilinə təsdiq edilmiş tərcümə ilə təmin edilir.
Maddə 57. Qərarların tanınma və icra qaydası
1. Bu Konvensiyanın 54-cü maddəsində qərarların tanınması və icrası haqqında nəzərdə tutulan vəsatətlər, ərazisində icra edilməsi nəzərdə tutulan Razılığa gələn Tərəfin məhkəmələri Tərəfindən baxılır.
2. Qərarın tanınması və icrası haqqında vəsatətə baxan məhkəmə belə bir faktla kifayətlənir ki, bu Konvensiyada nəzərdə tutulan şərtlərə riayət edilmişdir. Şərtlərə riayət olunduğu təqdirdə, məhkəmə icra haqqında qərar çıxarır.
3. Qərarların tanınma və icra qaydası, ərazisində icra edilməsi nəzərdə tutulan Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən müəyyən edilir.
Maddə 58. Cərimələrin tutulması, əmlakın və cinayət fəaliyyətindən əldə edilən gəlirlərin müsadirəsi haqqında məhkəmə qərarlarının icrası
1. Cərimələrin tutulması, əmlakı müsadirə və ya cinayət işi üzrə predmetlərin və əmlakın dövlət nəfinə tutulması və ya qeyri-qanuni yollarla əldə edilən gəlirlərin müsadirəsi haqqında sorğu edən Razılığa gələn Tərəfin məhkəməsinin qərarlarını sorğu alan Razılığa gələn Tərəf bu Konvensiyanın 8, 54, 56, 57, 59-cu maddələrinə əsasən və orada müəyyən edilmiş qaydada icra edir.
2. Tutulan cərimə məbləğləri sorğu edən Razılığa gələn Tərəfə ötürülür.
3. Müsadirə haqqında qərarın baxılmasına yalnız sorğu edən Razılığa gələn Tərəf haqlıdır, Müsadirənin həyata keçirilmə prosedurunu sorğu alan Razılığa gələn Tərəf müəyyən edir.
Sorğu alan Razılığa gələn Tərəf sorğu edən Razılığa gələn Tərəfin çıxardığı hökmdə və ya digər məhkəmə qərarında izah edilmiş həcmdə faktların müəyyən edilməsinə dair nəticələrlə əlaqəlidir və ya həmin hökmün və ya digər məhkəmə qərarının bu nəticələrə əsaslandığı həcmdə bağlıdır.
Müsadirə edilmiş əmlak və ya ona ekvivalent əmlak tam və ya qismən əmlakın müsadirəsi haqqında qərarın qəbul edildiyi Razılığa gələn Tərəfə verilə bilər.
Hər bir konkret halda sorğu edən və sorğu alan Razılığa gələn Tərəflər bu Konvensiyaya uyğun olaraq müsadirə haqqında qərarın icrası zamanı əldə edilmiş əmlakın bölünməsi haqqında razılığa gəlirlər.
Maddə 59. Qərarların tanınmasından və icrasından imtina
Bu Konvensiyanın 54-cü maddəsində nəzərdə tutulan qərarların tanınmasından və icrasından aşağıdakı hallarda imtina edilə bilər, əgər:
a) qərar bu Konvensiyada müəyyən edilmiş müddəalara zidd olaraq çıxarılıbsa;
b) qərarın çıxarıldığı Razılığa gələn Tərəfin qanunvericiliyinə uyğun olaraq, qanuni qüvvəyə minənə qədər icra edilməli qərar istisna olmaqla, həmin qərar qanuni qüvvəyə minməmişdirsə və icra edilməməlidirsə;
v) cavabdehin özünə və ya onun səlahiyyətli nümayəndəsinə məhkəmə çağırışı lazımi qaydada və vaxtlı-vaxtında verilmədiyinə görə cavabdeh prosesdə iştirak etməmişdirsə;
q) ərazisində qərarın tanınması və icra edilməsi nəzərdə tutulan Razılığa gələn Tərəfdə eyni tərəflər arasında eyni predmet və eyni əsaslarla olan iş üzrə artıq qanuni qüvvəyə minmiş hökm çıxarılmışsa və ya üçüncü dövlətin məhkəməsinin tanıma qərarı mövcuddursa, yaxud da Razılığa gələn həmin Tərəfin ədliyyə müəssisəsi tərəfindən əvvəllər həmin iş üzrə, Razılığa gələn digər Tərəfin ədliyyə müəssisəsinin qərarının tanınması və icrası haqqında vəsatət daxil olana qədər başa çatmamış, icraat başlanmışdırsa;
d) bu Konvensiyanın müddəalarına əsasən və ya ərazisində qərarın tanınması və icra edilməsi nəzərdə tutulan Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən həmin Konvensiyada nəzərdə tutulmayan hallarda iş müstəsna hal kimi onun ədliyyə müəssisəsinə aiddirsə;
e) müqavilə aidiyyəti məsələsi üzrə Tərəflərin razılaşmasını təsdiq edən sənəd mövcud deyilsə;
j) sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulan icraetmə müddəti bitmişdirsə;
z) qərarın tanınması və icra edilməsi sorğu alan Razılığa gələn Tərəfin ictimai qaydasına ziddirsə.
davamı
AZERBAIJAN INTERNATIONAL CONSULTING COMPANY



Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi




Bakı Mediasiya və Barışıq Xidməti





Azərbaycan Münsiflər Məhkəməsi


LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU