Azerbaijan Arbitration and Mediation Center - # BEYNƏLXALQ XÜSUSI HÜQUQ HAQQINDA AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU
  
Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland


Hüquqi İslahatlara
Yardım Mərkəzi

# BEYNƏLXALQ XÜSUSI HÜQUQ HAQQINDA AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU

BEYNƏLXALQ XÜSUSi HÜQUQ HAQQINDA
AZƏRBAYCAN RESPUBLiKASININ QANUNU

Qəbul edilmişdir: 6 iyun 2000-ci il, № 889-IQ

I Fəsil
Ümumi müddəalar

Maddə 1. Qanunun tətbiqi dairəsi və tətbiq edilməli hüququn müəyyən edilməsi

1.1. Bu Qanun xarici elementli mülki-hüquqi münasibətlərə tətbiq olunmalı hüquq normalarını müəyyən edir.

1.2. Xarici elementli mülki-hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir.

1.3. Tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir.

1.4. Xarici ölkələrin hüquq normalarının tətbiqi onların yalnız ümumhüquq xarakteri əsas götürülməklə məhdudlaşdırıla bilməz.

1.5. Bu Qanunun məhkəmə tərəfindən tətbiq olunmalı hüququn müəyyən edilməsi barədə müddəalarını belə səlahiyyətləri daşıyan digər orqanlar da tətbiq etməlidirlər.

Maddə 2. Xarici hüququn məzmununun müəyyən olunması

2.1. Xarici hüququn tətbiqi zamanı məhkəmə bu hüquq normalarının məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görməyə borcludur.

2.2. Bu Qanunun 2.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlər nəticə vermədikdə və ya həddən çox xərc tələb etdikdə və proses iştirakçısı olan tərəflərdən heç biri öz tələb və etirazlarını əsaslandırmaq üçün istinad etdikləri hüquqi normaları təsdiqləyən sənədlər təqdim edə bilmədikdə, məhkəmə Azərbaycan Respublikası qanunvericiliyini tətbiq edir.

Maddə 3. Geriyə istinad və ya üçüncü dövlətin hüququna istinad

3.1. Bu Qanunun müddəalarına uyğun olaraq xarici hüquqa hər hansı istinad bu maddədə nəzərdə tutulan hallar istisna edilməklə, müvafiq xarici ölkənin maddi hüququnun tətbiqini nəzərdə tutur.

3.2. Bu Qanunun 9-cu və 10-cu maddələrində nəzərdə tutulan münasibətlər, habelə ailəvərəsəlik hüquq münasibətləri tənzimlənərkən xarici hüququn tətbiqi zamanı Azərbaycan Respublikası hüququna geriyə istinad və ya üçüncü ölkənin hüququna istinad qəbul olunur.

Maddə 4. Xarici hüququn tətbiqinə məhdudiyyət

Azərbaycan Respublikasının Konstitusiyasına və referendumla qəbul edilmiş aktlarına zidd olan xarici hüquq normaları Azərbaycan Respublikasında tətbiq edilmir.

Maddə 5. İmperativ normaların tətbiqi

5.1. Bu Qanuna görə, tətbiq olunmalı hüquqdan asılı olmayaraq müvafiq münasibətləri tənzimləyən Azərbaycan Respublikası hüququnun imperativ normaları tətbiq edilir.

5.2. Bir ölkənin hüququ tətbiq edilərkən bu ölkənin hüququna görə işin halları (mahiyyəti) ilə sıx bağlılığı olan digər ölkənin imperativ normalarına, müqavilədə əsas götürülən hüquqa istinad etmədən onların tətbiqinin mümkün olduğu dərəcədə üstünlük verilə bilər. Belə normalara üstünlük verilməsi barədə qərar qəbul edilərkən onların təyinatı və xarakteri, habelə tətbiqinin nəticələri nəzərə alınmalıdır.

Maddə 6. Bir neçə hüquq sistemi olan dövlətin hüququnun tətbiqi

Bir neçə hüquq sisteminin qüvvədə olduğu dövlətin hüququnun tətbiq ediləcəyi hallarda bu dövlətin hüququ həmin hüquq sistemlərindən hansının tətbiq olunacağını müəyyən edir. Belə tətbiq qaydası müəyyən olunmadıqda, işin halları ilə daha sıx bağlı olan hüquq sistemi tətbiq edilməlidir.

Maddə 7. Retorsiyalar (xüsusi məhdudiyyətlər)

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikası vətəndaşlarına və hüquqi şəxslərinə münasibətdə retorsiyalar tətbiq edən dövlətlərin vətəndaşlarına və hüquqi şəxslərinə cavab tədbiri kimi analoji məhdudiyyətlər müəyyən edə bilər.

Maddə 8. Qanunu üstələmənin qeyri-qanuniliyi

Tərəflərin bu Qanunun tətbiq olunmalı hüquq haqqında müəyyən etdiyi qaydaları üstələyərək müvafiq münasibəti digər hüquqa tabe etməyə yönələn razılaşma və digər hərəkətləri qeyri-qanuni hesab olunur. Belə hallarda tətbiqi bu Qanunla müəyyən olunan müvafiq ölkənin hüququ tətbiq edilir.

II Fəsil
Şəxslər

Maddə 9. Fiziki şəxsin istinad etdiyi qanun

9.1. Vətəndaşı olduğu ölkənin hüququ fiziki şəxsin istinad etdiyi qanun hesab edilir. İki və daha çox vətəndaşlığı olan şəxs üçün isə həmin vətəndaşın daha sıx əlaqəli olduğu ölkənin hüququ onun istinad etdiyi qanun sayılır.

9.2. Vətəndaşlığı olmayan şəxsin daimi yaşadığı ölkənin hüququ onun istinad etdiyi qanun hesab edilir.

9.3. Qaçqının sığınacaq aldığı ölkənin hüququ onun istinad etdiyi qanun hesab edilir.

Maddə 10. Fiziki şəxsin hüquq və fəaliyyət qabiliyyəti

10.1. Fiziki şəxsin hüquq və fəaliyyət qabiliyyəti onun istinad etdiyi qanunla müəyyən olunur.

10.2. Əqdlər və vurulmuş ziyan nəticəsində əmələ gələn öhdəliklər barəsində fiziki şəxsin fəaliyyət qabiliyyəti əqdin bağlandığı və ya vurulmuş ziyanla bağlı öhdəliyin yarandığı ölkənin hüququ ilə müəyyən edilir.

10.3. Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması məhkəmənin mənsub olduğu ölkənin hüququna əsasən həyata keçirilir.

Maddə 11. Fiziki şəxsin xəbərsiz itkin düşmüş hesab olunması və ya onun ölmüş elan edilməsi

Fiziki şəxsin xəbərsiz itkin düşmüş hesab olunması və ya onun ölmüş elan edilməsi həmin işə baxan məhkəmənin mənsub olduğu ölkənin hüququna tabedir.

Maddə 12. Hüquqi şəxsin istinad etdiyi qanun

Hüquqi şəxsin təsis edildiyi ölkənin hüququ onun istinad etdiyi qanun hesab olunur.

Maddə 13. Hüquqi şəxsin hüquq qabiliyyəti

13.1. Hüquqi şəxsin hüquq qabiliyyəti onun istinad etdiyi qanunla müəyyən olunur. Bu qayda hüquqi şəxsin nümayəndəliyinə və filialına da şamil edilir.

13.2. Xarici hüquqi şəxs onun orqanının (filialının) və ya nümayəndəsinin əqd bağladığı ölkənin hüququna uyğun olaraq qadağan edilən həmin əqdi bağladığına görə səlahiyyətinin məhdudlaşdırılmasına etiraz edə bilməz.

Maddə 14. Şəxsin adı

14.1. Fiziki şəxsin adı, ondan istifadə və onun müdafiəsi fiziki şəxsin istinad etdiyi qanunla müəyyən olunur.

14.2. Hüquqi şəxsin, onun filial və nümayəndəliyinin adı, ondan istifadə və onun müdafiəsi hüquqi şəxsin istinad etdiyi qanunla müəyyən olunur.

Maddə 15. Milli rejim

Xarici hüquqi şəxslər, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüquqi şəxsləri və vətəndaşları ilə bərabər müvafiq olaraq mülki hüquq və fəaliyyət qabiliyyətinə malikdir. Qarşılıqlı olaraq cavab tədbiri kimi bu qaydadan istisnalar müəyyən edilə bilər.

Maddə 16. Dövlətin xarici elementli mülki-hüquqi münasibətlərdə iştirakı

16.1. Qanunla başqa hallar nəzərdə tutulmadıqda, dövlətin iştirak etdiyi xarici elementli mülki-hüquqi münasibətlərə bu Qanunun müddəaları tətbiq edilir.

16.2. Dövlətin bağladığı mülki-hüquqi əqdlərə, əgər bu, onun öz suveren funksiyalarını yerinə yetirməklə əlaqədar deyilsə, bu Qanunun müddəaları tətbiq edilir.

16.3. Dövlət tərəfindən bağlanan hüquqi əqdlərin xarakteri onun hüquqi təbiəti və səbəblərinə əsasən müəyyən edilir.

III Fəsil
Əqdlər

Maddə 17. Əqdlərin forması

17.1. Əqdlərin forması onların bağlandığı yerin hüququna tabedir. Lakin Azərbaycan Respublikası hüququnun tələblərinə riayət olunduğu halda xaricdə bağlanan əqd xarici hüququn tələb etdiyi formanın pozulmasına görə etibarsız hesab edilə bilməz.

17.2. Ayrı-ayrı ölkələrdə olan tərəflər arasında bağlanan əqdin forması həmin ölkələrdən birinin hüququna uyğundursa, etibarlı sayılır.

17.3. Predmeti torpağa mülkiyyət hüququ və ya torpaqdan istifadə hüququ olan əqdin forması həmin torpağın yerləşdiyi ölkənin imperativ hüquq normaları ilə müəyyən edilir, bu şərtlə ki, həmin ölkənin hüququna görə, əqdin bağlandığı yerdən və bu əqdin tabe olduğu hüquqdan asılı olmayaraq bu normalar tətbiq olunmalıdır.

Maddə 18. Etibarnamə

Etibarnamənin forması və qüvvədə olması müddəti onun verildiyi ölkənin hüququ ilə müəyyən olunur. Lakin etibarnamənin formasına riayət edilməməsi nəticəsində o, etibarsız sayıla bilməz, bu şərtlə ki, onun forması Azərbaycan Respublikası hüququnun tələblərinə uyğun olsun.

Maddə 19. İddia müddəti

19.1. Müvafiq münasibətin tənzimlənməsi üçün hansı ölkənin hüququ tətbiq olunursa, iddia müddəti də həmin ölkənin hüququ ilə müəyyən edilir.

19.2. Müvafiq münasibətin iştirakçılarından heç olmasa biri Azərbaycan Respublikasının vətəndaşı və ya hüquqi şəxsidirsə, onda iddia müddətinin aid edilmədiyi tələblər Azərbaycan Respublikasının hüququ ilə müəyyən olunur.

IV Fəsil
Əşya hüququ

Maddə 20. Əşya hüququna tətbiq olunan xarici hüquq haqqında ümumi müddəalar

20.1. Daşınar və daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqları qanunla başqa hallar nəzərdə tutulmayıbsa, əmlakın yerləşdiyi ölkənin hüququ ilə müəyyən olunur.

20.2. Əmlakın daşınar və ya daşınmaz olması, habelə əmlakın digər hüquqi kvalifikasiyası əmlakın yerləşdiyi ölkənin hüququ ilə müəyyən olunur.

Maddə 21. Əşya hüquqlarının əmələ gəlməsi və xitamı

Əmlak üzərində əşya hüquqlarının əmələ gəlməsi və xitamı, Azərbaycan Respublikası qanunvericiliyi ilə başqa hallar nəzərdə tutulmayıbsa, əşya hüquqlarının əmələ gəlməsi və xitamı üçün əsas olan hərəkət və ya digər hallar baş verdiyi zaman həmin əmlakın yerləşdiyi ölkənin hüququ ilə müəyyən edilir.

Maddə 22. Nəqliyyat vasitələrinə və yolda olan daşınar əmlaka əşya hüquqları

22.1. Nəqliyyat vasitələrinə əşya hüquqları onların qeydiyyatdan keçdikləri ölkənin hüququ ilə müəyyən olunur.

22.2. Yolda olan daşınar əmlaka mülkiyyət və digər əşya hüquqları, tərəflərin razılığı ilə başqa hal müəyyən edilməyibsə, əmlakın göndərildiyi ölkənin hüququ ilə müəyyən olunur.

Maddə 23. Şəxsi qeyri-əmlak hüquqları

Şəxsi qeyri-əmlak hüquqlarına, onların müdafiəsinə bu hüquqların həyata keçirildiyi ölkənin hüququ tətbiq edilir.

V Fəsil
Müqavilə öhdəlikləri

Maddə 24. Müqavilə iştirakçılarının razılığı ilə hüququn seçilməsi

24.1. Müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir.

24.2. Müqavilə tərəfləri həm bütövlükdə müqavilə üçün, həm də onun ayrı-ayrı hissələri üçün tətbiq olunmalı hüququ seçə bilərlər.

24.3. Tərəflər tətbiq olunmalı hüququ istənilən vaxtda, o cümlədən müqavilənin imzalandığı vaxt və ya ondan sonra seçə bilərlər. Tərəflər həm də istənilən vaxt müqavilə ilə əlaqədar tətbiq olunan hüququn dəyişilməsi barədə razılığa gələ bilərlər.

24.4. Müqavilə ilə bağlı ölkənin imperativ normalarının tətbiq edilməməsinə səbəb olan hüququn seçilməsi etibarsızdır.

Maddə 25. Tərəflərin razılığının olmadığı halda müqaviləyə tətbiq olunan hüququn seçilməsi

25.1. Müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda müqaviləyə aşağıda göstərilən tərəflərin təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir:

25.1.1. alqı-satqı müqaviləsindəsatıcının;

25.1.2. bağışlama müqaviləsindəhədiyyə edənin;

25.1.3. əmlak kirayəsi müqaviləsindəkirayə verənin və ya kirayəçinin;

25.1.4. əvəzsiz istifadə müqaviləsindəəvəzsiz istifadəyə verən şəxsin;

25.1.5. borc müqaviləsindəborc verənin;

25.1.6. podrat müqaviləsindəpodratçının;

25.1.7. tapşırıq müqaviləsindəvəkaləti alanın;

25.1.8. komissiya müqaviləsindəkomissiyonçunun;

25.1.9. saxlama müqaviləsindəsaxlayıcının;

25.1.10. daşıma müqaviləsindədaşıyıcının;

25.1.11. sığorta müqaviləsindəsığortaçının;

AZERBAIJAN INTERNATIONAL CONSULTING COMPANY



Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi




Bakı Mediasiya və Barışıq Xidməti





Azərbaycan Münsiflər Məhkəməsi


LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU