Azerbaijan Arbitration and Mediation Center - # XARİCİ ARBİTRAJ QƏRARLARININ TANINMASI VƏ İCRA EDİLMƏSİ BARƏDƏ K O N V E N S İ Y A
  
Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland


Hüquqi İslahatlara
Yardım Mərkəzi

# XARİCİ ARBİTRAJ QƏRARLARININ TANINMASI VƏ İCRA EDİLMƏSİ BARƏDƏ K O N V E N S İ Y A
XARİCİ ARBİTRAJ QƏRARLARININ
TANINMASI VƏ İCRA EDİLMƏSİ BARƏDƏ
K O N V E N S İ Y A

10 iyun 1958-ci il tarixdə
Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilib
7 iyun 1959-cu il tarixdən qüvvəyə minib.




I  maddə

1. Mövcud Konvensiya tərəflərin həm fiziki, həm də hüquqi şəxslər arasında yaranan mübahisələr üzrə arbitraj qərarlarının tanınması və icra edilməsi tələb olunan dövlətdən fərqli olan dövlətin ərazisində çıxarılmış beynəlxalq arbitraj qərarlarının tanınması və icra edilməsi sahəsində tətbiq edilir. Bu Konvensiya həmçinin arbitraj qərarlarının tanınması və icra edilməsi tələb olunan dövlətin daxili qərarları hesab olunmayan arbitraj qərarlarına da tətbiq edilir.

2. «Arbitraj qərarları» termini hər bir konkret iş üzrə təyin edilmiş arbitrlərin arbitraj qərarlarından əlavə həmçinin, tərəflərin müraciət etdiyi daimi arbitraj orqanlarının arbitraj qərarlarına da şamil edilir.

3. Mövcud Konvensiya imzalandıqda, ratifikasiya edildikdə və ya ona qoşulduqda, yaxud mövcud Konvensiyanın X maddəsində nəzərdə tutulmuş bildirişi edərkən hər bir dövlət mövcud Konvensiyanı yalnız digər Razılaşan Dövlətin ərazisində çıxarılmış arbitraj qərarlarının tanınması və icra edilməsinə münasibətdə tətbiq edəcəyini qarşılıqlı əsasda tətbiq edə bilər.
Hər bir dövlət, həmçinin, bəyan edə bilər ki, o mövcud Konvensiyanı belə bəyanat verən dövlətin milli qanunvericiliyinə görə yalnız ticarət hüquq münasibətləri hesab edilən müqavilə və ya digər hüquqi münasibətlər üzrə yaranmış mübahisələrə tətbiq edəcəkdir.

II maddə


1. Hər bir Razılaşan Dövlət arbitraj çəkişməsinin predmeti ola biləcək hər hansı bir konkret müqavilə və ya digər hüquqi münasibətlərin obyekti ilə əlaqədar tərəflər arasında yaranmış və ya yarana biləcək bütün və ya hər hansısa mübahisələri arbitraja verməyi tərəflərin öhdələrinə götürdükləri yazılı sazişi tanıyır.

2. «Yazılı razılıq» termini müqavilədə arbitraj qeyd-şərtini və ya tərəflərin imzaladığı və yaxud onların məktub və teleqramlarında olan arbitraj razılaşmasını özündə əks etdirir.

3. Razılaşan Dövlətin məhkəməsinə mövcud maddə ilə nəzərdə tutulmuş tərəflərin müqavilə bağladığı məsələyə dair iddia daxil olduqda, Razılaşan dövlətin məhkəməsi hər hansı bir tərəfin xahişinə əsasən, göstərilən sazişin qeyri-qanuniliyini, vaxtının keçməsini yaxud icra edilə bilmədiyini müəyyən etmədiyi təqdirdə tərəfləri arbitraja göndərməyə borcludur.

III maddə

Hər bir Razılaşan Dövlət arbitraj qərarlarını mütləq şəkildə tanıyır və aşağıdakı maddələrdə təsbit edilmiş şərtlərə uyğun olaraq  bu qərarların tanınması və icra edilməsi tələb olunan ərazinin prosedura normalarına müvafiq şəkildə həmin qərarları icraya yönəldir.
Mövcud Konvensiya tətbiq edildiyi arbitraj qərarlarının tanınmasına və icra edilməsinə daxili qərarların tanınması və icra edilməsinə daxili qərarların tanınması və icra edilməsi üçün daha ağırlaşdırıcı şərtlər və ya mövcud olandan daha yüksək rüsum və ödənişlər tətbiq edilməməlidir.

IV maddə


1. Bundan əvvəlki maddədə göstərilən tanınma və icraya yönəltmə üçün tanınmanı və icra edilməni tələb edən tərəf belə xahişi etdikdə aşağıdakıları təqdim etməlidir:

a) lazımi qaydada təsdiq edilmiş arbitraj qərarının əslini və yaxud həmin qərarın lazımi qaydada təsdiq edilmiş surətini;

b) II maddədə göstərilən müqavilənin əslini yaxud onun lazımi qaydada təsdiq edilmiş surətini;

2. Arbitraj qərarının yaxud sazişin mətni bu qərarın tanınması və icra edilməsi tələb edilən ölkənin rəsmi dilində olmadığı halda, bu qərarın tanınmasını və icra edilməsini xahiş edən tərəf bu sənədlərin həmin dilə tərcüməsini təqdim edir. Tərcümə rəsmi və ya andlı tərcüməçi, yaxud diplomatik və ya konsulluq idarəsi tərəfindən   təsdiq edilir.

V maddə

1. Arbitraj qərarının əleyhinə yönəldiyi tərəfin xahişi ilə arbitraj qərarının tanınmasına və icra edilməsinə o halda etiraz edilə bilər ki, həmin tərəf qərarların tanınması və icra edilməsi tələb olunan ərazinin səlahiyyətli hakimiyyət orqanlarına dəlillər təqdim edərək sübuta yetirir ki:

a) II maddədə göstərilən saziş üzrə tərəflər tətbiq olunan qanunvericiliyə əsasən hər hansı bir şəkildə fəaliyyət qabiliyyətsizdirlər və ya tərəflərin istinad etdikləri qanunvericiliyə əsasən həmin saziş qeyri-qanunidir, belə müddəanın olmadığı təqdirdə isə qərarın çıxarıldığı ölkənin qanunvericiliyə əsasən həmin saziş qeyri-qanunidir; yaxud
b) çıxarılan qərarın əleyhinə yönəldiyi tərəf arbitrin təyin olunması və ya araşdırılması barədə qanuna müvafiq qaydada xəbərdar və ya digər səbəblərdən öz izahatlarını təqdim edə bilməmişdir; yaxud
v) göstərilən qərar arbitraj sazişi və ya arbitraj qeyd-şərtlərində nəzərdə tutmamış və ya həmin şərtlərə uyğun deyildir; yaxud qərar arbitraj sazişi və ya müqavilədəki arbitraj qeyd-şərtlərindən kənara çıxan məsələlər üzrə müddəaları özündə əks etdirir. Bundan əlavə, digər arbitraj sazişi və ya arbitraj qeyd-şərtləri ilə əhatə olunan məsələlər üzrə müddəaları belə arbitraj sazişi və ya arbitraj qeyd-şərtləri ilə əhatə olunmayan müddəalardan ayırmaq mümkün olarsa, belə halda arbitraj sazişi və ya arbitraj qeyd-şərtləri ilə əhatə olunmayan məsələlər üzrə müddəaları özündə əks etdirməyən arbitraj qərarlarının bir hissəsi tanına və ya icra edilə bilər; yaxud
q) arbitraj orqanının tərkibi və ya  arbitraj prosesi tərəflərin sazişinə uyğun olmamışdır və ya belə saziş olmadığı halda arbitrajın keçirildiyi ölkənin qanunvericiliyinə uyğun olmamışdır; yaxud 
d) tərəflər üçün qərar hələ öz qəti qüvvəsinə minməmişdir və ya qərarın çıxarılmadığı ölkənin və yaxud qanunvericiliyi tətbiq edilən ölkənin səlahiyyətli hakimiyyət orqanlarının göstərişinə əsasən qərarın icrası dayandırılmışdır.
2. Arbitraj qərarının tanınmasına və icra edilməsinə, həmçinin, o halda da etiraz edilə bilər ki, tanınması və icra edilməsi tələb olunan ölkənin səlahiyyətli icra hakimiyyəti orqanları müəyyən etsin ki:
a) mübahisənin obyekti bu ölkənin qanunvericiliyinə əsasən arbitraj araşdırılmasının predmeti ola bilməz; yaxud
b) bu qərarın tanınması və icra edilməsi həmin ölkənin ictimai qaydalarına ziddir.

VI maddə

V maddənin 1-ci bəndinin «d» yarımbəndində göstərilən səlahiyyətli hakimiyyət orqanı qarşısında arbitraj qərarı icrasının ləğv edilməsi və ya dayandırılması barədə vəsatət qaldırıldığı halda bu qərarın tanınması və icra edilməsi barədə xahiş olunan hakimiyyət orqanı məqsədəuyğun hesab etdiyi halda bu qərarın icra edilməsi məsələsinin həllini saxlaya bilər, eyni zamanda bu qərarın icrasını xahiş edən tərəfin vəsatəti əsasında digər tərəfin üzərinə lazımi təminatın görülməsi öhdəliyini qoya bilər. 

VII maddə

1. Mövcud Konvensiyanın qərarları Razılaşan Dövlətlər arasında bağlanmış arbitraj qərarlarının tanınması və icra edilməsi barədə ikitərəfli və ya çoxtərəfli sazişlərin fəaliyyətinə toxunmur, habelə heç bir maraqlı tərəfi belə arbitraj qərarının tanınması və icra edilməsi tələb olunan ölkənin qanunları və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin imkan verdiyi qaydada və hədd çərçivəsində hər bir arbitraj qərarından faydalanmaq hüququndan məhrum etmir.

2. Mövcud Konvensiya tərəflər üçün müəyyən hədlər çərçivəsində məcburi hesab edildiyi vaxtdan etibarən arbitraj qeyd-şərləri haqqında 1923-cü il Cenevrə protokolu və xarici arbitraj qərarlarının icra edilməsi barədə 1927-ci il Cenevrə protokolu Razılaşan Dövlətlər arasında öz qanuni qüvvələrini itirirlər.

VIII maddə

1. Mövcud Konvensiya Birləşmiş Millətlər Təşkilatının hər bir üzvü, Birləşmiş Millətlər Təşkilatının hər hansı bir ixtisaslaşmış qurumunun üzvü olan və ya üzv olması gözlənilən istənilən dövlət, yaxud Beynəlxalq Məhkəmə Statusunun iştirakçısı olan yaxud olması gözlənilən, həmçinin Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən dəvət olunacaq hər hansı bir dövlət üçün 1958-ci il 31 dekabr tarixinə qədər imzalanması üçün açıqdır.

2. Mövcud Konvensiya ratifikasiya olunmalıdır və ratifikasiya etimadnamələri Birləşmiş Millətlər Təşkilatının Baş Katibində saxlanılır.

IX maddə

1. Mövcud  Konvensiya VIII maddədə qeyd olunan bütün dövlət¬lərin qoşulması üçün açıqdır.

2. Mövcud  Konvensiyaya qoşulma Birləşmiş Millətlər Təşkilatı Baş Katibinin yanında qoşulma haqqında e’timadnamənin təqdim edilməsi yolu ilə həyata keçirilir.

X maddə

1. Hər bir dövlət mövcud Konvensiyaya qoşularkən və ya onu təsdiq yaxud ratifikasiya edərkən bəyan etməlidir ki, mövcud Konvensiya həmin dövlətin beynəlxalq münasibətlərə görə məsuliyyət daşıdığı bütün və yaxud müəyyən ərazilərə şamil edilir. Belə bəyanat mövcud Konvensiyanın qanuni qüvvəyə mindiyi vaxtdan qüvvəyə minir.

2. Yuxarıda qeyd edilənlərdən sonra hər hansı bir müddət ərzində Mövcud konvensiyanın şamil edilməsi Birləşmiş Millətlər Təşkilatı Baş Katibinin adına bildiriş göndərilməsi yolu ilə həyata keçirilə bilər və Birləşmiş Millətlər Təşkilatı Baş Katibinin həmin bildirişi aldığı gündən etibarən doxsanıncı gün və yaxud hansı müddətin daha gec qurtarmasından asılı olaraq müvafiq dövlətə münasibətdə mövcud konvensiyanın qüvvəyə mindiyi gündən etibarən qüvvəyə minir.

3. Bu Konvensiyaya qoşulduqda və ya o, təsdiq yaxud ratifikasiya edildikdə onun fəaliyyət dairəsinə düşməyən ərazilərə gəldikdə isə, hər bir maraqlı olan dövlət göstərilən ərazilərin, hökumət strukturlarının razılığı ilə mövcud Konvensiyanın həmin ərazilərə aid edilməsi üçün tədbirlərin görülməsinin mümkün olub-olmaması məsələsinə baxmalıdır.

XI maddə

Federativ və qeyri-unitar dövlətlər üçün aşağıdakı qərarlar tətbiq edilir:
a) federativ hakimiyyətin qanunvericilik yurisdiksiyasına aid olan mövcud Konvensiyanın maddələrinə görə federativ hakimiyyətin öhdəlikləri müvafiq qaydada federativ dövlətlər olmayan Razılaşan Dövlətlərin öhdəlikləri həddindədir;

b) federasiya konstitusiyası sisteminə görə qanunvericilik tədbirləri görmək hüququna malik olmayan federasiya təşkil edən dövlətin və ya əyalətin qanunvericilik yurisdiksiyasına aid olan mövcud Konvensiyanın maddələrinə gəldikdə, federal hökumət belə maddələri dövlətlərin müvafiq hakimiyyətlərinə və ya əyalətlərə imkan daxilində ən qısa müddət ərzində özünün zəmanəti ilə çatdırır.
v) bu Konvensiyada iştirak edən federativ dövlət başqa istənilən Razılaşan Dövlətin Birləşmiş Millətlər Təşkilatının Baş Katibinin vasitəsilə verilən tələbi əsasında mövcud Konvensiyanın hər bir qərarına aid olan qanunları və bu qərarın qanunvericilik yolu və ya digər tədbirlər vasitəsilə həyata keçirilməsini göstərməklə federasiyanın təcrübəsi və onun tərkib hissələri barədə arayış təqdim edir.

XII maddə

1. Mövcud Konvensiya üçüncü ratifikasiya etimadnaməsinin yaxud qoşulma haqqında etimadnamənin təqdim olunduğu gündən doxsan gün sonra qanuni qüvvəyə malikdir.

2. Üçüncü ratifikasiya etimadnaməsi və ya qoşulma haqqında etimadnamə təqdim edildikdən sonra mövcud Konvensiyanı ratifikasiya edən və yaxud ona qoşulan hər bir dövlət üçün mövcud Konvensiya öz ratifikasiya etimadnaməsinin və ya qoşulma haqqında eti¬madna¬mə¬nin təqdim olunduğu gündən hesablamaqla doxsanıncı gün qanuni qüvvəyə minir.

XIII maddə


1. Hər bir Razılaşan Dövlət Birləşmiş Millətlər Təşkilatının Baş Katibinin adına yazılı bildirişlə müraciət edərək mövcud Konvensiyanı denonsasiya edə bilər. Denonsasiya Baş Katib tərəfindən bildiriş alındıqdan bir il sonra qüvvəyə minir.
2. 10-cu maddəyə əsasən müraciət və ya bildiriş etmiş hər bir dövlət istənilən vaxt Birləşmiş Millətlər Təşkilatının Baş Katibinin adına bildiriş vasitəsilə mövcud Konvensiyanın müvafiq ərazidə fəaliyyətinin Baş Katibin bu bildirişi aldığı vaxtdan sonra bir il ərzində başa çatmasını elan edə bilər. 
3. Mövcud Konvensiya denonsasiyanın qüvvəyə minməsindən əvvəl başlanmış arbitraj qərarlarına, tanınma və icra etmə işlərinə də tətbiq ediləcəkdir. 

XIV maddə

Heç bir Razılaşan Dövlət mövcud Konvensiyanın tətbiq edilən hədləri çərçivəsində mövcud Konvensiyadan digər Razılaşan Dövlətlərə qarşı istifadə edə bilməz.

XV maddə

Birləşmiş Millətlər Təşkilatının Baş Katibi VII maddədə qeyd olunan dövlətlərə aşağıdakıları bildirir:
a) VIII maddəyə əsasən imzalama və ratifikasiyalar haqqında;
b) IX maddəyə əsasən qoşulmalar haqqında;
v) I, X və XI maddələrdən irəli gələn müraciətlər və bildirişlər haqqında;
q) XII maddəyə əsasən mövcud Konvensiyanın qüvvəyə mindiyi gün haqqında;
d) XIII maddəyə əsasən denonsasiyalar və bildirişlər haqqında.   

XVI maddə

1. Mövcud Konvensiyanın eyni hüquqi qüvvəyə malik olan ingilis, ispan, çin, rus və fransız mətnləri Birləşmiş Millətlər Təşkilatının arxivində saxlanılır.
2. Birləşmiş Millətlər Təşkilatının Baş Katibi VIII maddədə qeyd olunan dövlətlərə mövcud Konvensiyanın təsdiq edilmiş surətlərini təqdim edir.

№ 4739


AZERBAIJAN INTERNATIONAL CONSULTING COMPANY



Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi




Bakı Mediasiya və Barışıq Xidməti





Azərbaycan Münsiflər Məhkəməsi


LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU