Azerbaijan Arbitration and Mediation Center Arbitrlər üçün seminarlar başa çatdı
Göndərən Admin Tarix: 02.10.2004
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Avrasiya Fondunun dəstəyi ilə “İnternational Commercial Arbitration” Cəmiyyəti tərəfindən həyata keçirilən “Azərbaycanda arbitraj (münsif) məhkəməsinin yaradılması və fəaliyyətinin təşkili” proqram layihəsi üzrə tədbirlərin son mərhələsi keçirilib.

Davamı
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Avrasiya Fondunun dəstəyi ilə “İnternational Commercial Arbitration” Cəmiyyəti tərəfindən həyata keçirilən “Azərbaycanda arbitraj (münsif) məhkəməsinin yaradılması və fəaliyyətinin təşkili” proqram layihəsi üzrə tədbirlərin son mərhələsi keçirilib.
Sentyabrın 17-də BKAM-ın arbitrləri üçün növbəti seminar-məşğələ keçirilib. Seminarın mövzusu “Arbitrajın təşəkkülü, məqsədi və vəzifələri, hüquqi təbiəti” və “Beynəlxalq arbitraj institutları” idi. İştirakçılar mövzu üzrə BKAM-ın Rəyasət Heyətinin üzvləri Ənnağı Hacıbəyli və Vidadi Mirkamalın məruzələrini dinlədikdən sonra maraqlı müzakirələr və fikir mübadiləsi apardılar.
Sentyabrın 24-də nəzərdə tutulmuş qrafik üzrə sonuncu seminar-məşğələ keçirilib. “Arbitrajın səlahiyyəti” və “Arbitraj məhkəməsinin qətnaməsinin tanınması və icrası” mövzularında müvafiq olaraq BKAM-ın arbitrləri Habil İsgəndərli və Asəf Məmmədov məruzə ilə çıxış ediblər. Birinci mövzu üzrə “Mübahisələrin arbitraja aidiyyatı”, “Mübahisələrin dövlət məhkəmələrinə aidiyyatının istisna edilməsi”, “Etirazın verilməsi”, “Arbitrajın səlahiyyətinin müəyyən edilməsi” məsələlərinə toxunuldu, məruzədən sonra müzakirələr aparıldı. Qeyd olundu ki, arbitrajın səlahiyyətlərinin müəyyən edilməsinin əsası arbitraj sazişi ilə bilavasitə bağlıdır. Bu, Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi, “Beynəlxalq Arbitraj haqqında” Qanun və digər normativ aktlarla tənzimlənir.
Arbitraj məhkəməsinin qərarlarının tanınması və icrası milli qanunvericiliklə yanaşı, beynəlxalq müqavilələrlə tənzimlənir. “Məhkəmə qərarlarının icrası haqqında” və “Beynəlxalq arbitraj haqqında” Azərbaycan Respublikasının qanunları və s. normativ aktlar arbitraj məhkəməsinin qərarlarının icrası qaydalarını müəyyənləşdirir. Eyni zamanda, beynəlxalq aləmdə arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası 10 iyun 1958-ci il tarixli “Xarici arbitraj qərarlarının tanınması və icrası haqqında” Nyu-York Konvensiyası ilə tənzimlənir. Azərbaycan Respublikası 9 noyabr 1999-cu il tarixdən həmin Konvensiyanı ratifikasiya edib. Hazırda dünyanın 135-ə yaxın ölkəsi Nyu-York Konvensiyasının üzvüdür və bu amil də BKAM-ın qərarlarının beynəlxalq aləmdə tanınması və icrasının dövlət məhkəmələrinə nisbətən daha asan olmasını təsdiqləyir.
Artıq “İnternational Commercial Arbitration” Cəmiyyətinin həyata keçirdiyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) “Avrasiya” Fondu tərəfindən dəstəklənən “Azərbaycanda arbitraj (münsif) məhkəməsinin yaradılması və fəaliyyətinin təşkili” proqram layihəsi üzrə nəzərdə tutulan tədbirlər yekunlaşıb və seminar-məşğələlər başa çatıb. Proqram layihəsinin rəhbəri “İnternational Commercial Arbitration” Cəmiyyətinin direktoru Natiq Abdullayevin dediyinə görə, bu seminar-məşğələlərin keçirilməsi yeni yaradılmış BKAM-ın arbitrləri siyahısında olan şəxslərin peşə hazırlığının və təcrübələrinin artırılması məqsədini daşıyır. Seminarların gedişində və ayrı-ayrı iştirakçıların mülahizələrindən də görünür ki, qoyulan məqsədə doğru ciddi addımlar atılmışdır. Beynəlxalq arbitraj Azərbaycanda yeni sahə olduğuna görə, hətta, praktiki hüquqşünasların da bu sahədə təcrübə toplamalarına, biliklərini artırmalarına ehtiyac var. Ona görə də N.Abdullayev keçirilən bu tədbirləri çox səmərəli hesab etməklə yanaşı, proqram layihəsinə dəstək verdiyinə görə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Avrasiya Fonduna minnətdarlığını bildirdi.
A.HÜSEYNOVA